TÜRK DÜNYASI
2 dəqiqə oxuma
Türkiyə şirkətləri Qazaxıstanda keçirilən texnologiya sərgisində iştirak edib
Dünyanın ən böyük texnologiya tədbirlərindən biri olan “GITEX Orta Asiya və Qafqaz” tədbiri böyük maraqla qarşılanıb
Türkiyə şirkətləri Qazaxıstanda keçirilən texnologiya sərgisində iştirak edib
Türkiyə şirkətləri Qazaxıstanda keçirilən texnologiya sərgisində iştirak edib / AA

Türkiyə şirkətləri Qazaxıstanın Almatı şəhərində ilk dəfə keçirilən, dünyanın ən böyük texnologiya tədbirlərindən biri olan “GITEX Orta Asiya və Qafqaz” sərgisində məhsul və xidmətlərini nümayiş etdirib.

Mayın 4-də başlayan və iki gün davam edəcək “GITEX AI Qazaxıstan” tədbiri 50 ölkədən 336 texnologiya startapı və şirkətini, 100-dən çox investoru, eləcə də aralarında ekspertlər və özəl sektor nümayəndələrinin də olduğu 200-dən çox şəxsi bir araya gətirib. Tədbirdə şəbəkə təhlükəsizliyi şirkəti “Opinnate”, informasiya texnologiyaları şirkəti “Geolab” və Türkiyənin peyk və informasiya texnologiyaları sahəsində nəhəngi “Türksat” kimi texnologiya şirkətlərinin yer aldığı Türkiyə pavilyonu da qurulub.

“Opinnate” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Sərkan Özden bölgədə keçirilən ilk GITEX sərgisi olması səbəbindən göstərilən böyük marağın ruhlandırıcı olduğunu bildirərək deyib: “Bölgədə mövcudluğumuzu təmin etməyə çalışırıq. Burada bir distribüterlə razılaşmamız var və bu il bazarda fəal şəkildə fəaliyyət göstərməyə başlamışıq. Şəbəkəni qoruyan təhlükəsizlik sistemlərindəki xətaları müəyyən edərək təhlükəsizlik boşluqlarının aşkarlanmasına kömək edirik. Bu bazarda qlobal miqyaslı israilli rəqiblərimiz var. Lakin biz onlarla müqayisədə bir çox üstünlüyə malik Türkiyə istehsalçısıyıq. İndiyədək bir çox müştəri rəqiblərimizdən imtina edərək bizə keçib. Oxşar uğuru burada da hədəfləyirik.”

“Geolab” şirkətinin coğrafi informasiya sistemləri üzrə mütəxəssisi Esra Çındır daha əvvəl Dubayda keçirilən GITEX sərgisində də iştirak etdiklərini və müsbət nəticə əldə etdiklərini bildirərək deyib: “Müştəri profilini görmək üçün buradayıq və göstərilən maraqdan məmnunuq. Görüşlər çox yaxşı gedir. Rəqəmsal xəritəçəkmə, peyk görüntüləri və 360 dərəcə küçə görüntüsü kimi sahələr üzrə fəaliyyət göstəririk. Rusiya ilə ortaq layihələrimiz var. İndi isə Qazaxıstandakı tələbatı təhlil edib yeni müştərilər axtarırıq.”

Korporativ rəqəmsallaşma və elektron transformasiya həlləri təqdim edən “Türksat” isə xidmətlərini dost və müttəfiq ölkələrə ixrac etmək hədəfi ilə Qazaxıstanda təqdim edib. Şirkət rəsmiləri böyük maraqla qarşılandıqlarını və hədəf ölkələrdə strateji tərəfdaşlıqlar inkişaf etdirməyi planlaşdırdıqlarını ifadə ediblər.

MƏNBƏ:TRT