Sudanın Suverenlik Şurasının sədri Əbdülfəttah əl-Burhan yanvarın 25-də Port Sudandakı iqamətgahında jurnalistlərə açıqlamasında bildirib ki, üsyançı Çevik Dəstək Qüvvələri (RSF) ləğv edilmədən ölkədə sülhdən danışmaq mümkün deyil. Onun sözlərinə görə, RSF-ni əhatə edən istənilən həll təklifi yalnız mövcud böhranın təxirə salınmasına xidmət edir və daimi sülhə gətirib çıxarmır.
Əbdülfəttah əl-Burhan vurğulayıb ki, sülhün davamlı və real həll yolu RSF-nin tam şəkildə ləğv edilməsidir. O qeyd edib ki, bu mövqe RSF üzvlərinin hamısının fiziki olaraq məhv edilməsi mənasına gəlmir. Ə.Burhanın sözlərinə görə, silahlı qrupun üzvləri silahlarını yerə qoyaraq təslim olmaq yolu ilə də prosesə cəlb oluna bilərlər.
Sudanın ölkə rəhbəri münaqişənin ölkə üzrə genişmiqyaslı dağıntılara, ciddi mülki itkilərə və böyük maddi zərərlərə səbəb olduğunu diqqətə çatdırıb. O bildirib ki, Sudanda müharibənin təsir etmədiyi heç bir vətəndaş yoxdur və əhali üsyançı qrupa qarşı vahid mövqe nümayiş etdirir.
Beynəlxalq ictimaiyyətin atəşkəsin təmin olunması istiqamətində göstərdiyi səylərə toxunan əl-Burhan oktyabr ayında əl-Fəşir şəhərinin süqutundan sonra atəşkəs çağırışlarının artdığını qeyd edib.
Ə.Burhan bildirib ki, əl-Fəşirin mühasirədə olduğu dövrdə heç bir atəşkəs təklifi irəli sürülməmişdi. Şəhər RSF nəzarətindən çıxdıqdan sonra isə beynəlxalq çağırışların intensivləşdiyini deyən Sudan lideri bunun bəzi tərəflərin RSF-nin daha geniş ərazilərə nəzarət etməsində maraqlı olması ilə əlaqəli olduğunu vurğulayıb.
Sudanın vasitəçi qismində Türkiyə və ya Qətəri təklif etdiyini bildirən əl-Burhan RSF-nin bu təşəbbüsü qəbul etmədiyini deyib. O əlavə edib ki, Səudiyyə Ərəbistanı və Misir kimi regional ölkələr də mümkün vasitəçilik prosesində rol oynaya bilərlər. Ə.Burhan vasitəçi ölkələrlə bağlı verdiyi açıqlamada deyib: “Əvvəl Allaha, sonra isə Rəcəb Tayyib Ərdoğana güvənirik.”
Sudan ölkə rəhbəri həmçinin RSF ilə Sudan ordusunun eyni səviyyəli güclər olmadığını vurğulayıb. Onun sözlərinə görə, qarşıdurmada üz-üzə dayanan tərəflər bərabər deyil və RSF Sudan ordusu ilə müqayisə edilə bilməz. Ə.Burhan qeyd edib ki, bu reallıq beynəlxalq ictimaiyyət tərəfindən də qəbul olunur.
Əbdülfəttah əl-Burhan bildirib ki, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərarlara baxmayaraq, RSF xüsusilə Darfur bölgəsi başda olmaqla Sudanda hücumlarını və silah qaçaqmalçılığını davam etdirir və indiyədək effektiv sanksiyalarla üzləşməyib.
“Biz Sudan xalqı və Sudan ordusu olaraq RSF-ni aradan qaldırmaqda qətiyyətliyik. Bununla yanaşı, bütün dinc və siyasi həll yollarına açığıq”, – deyə Ə.Burhan vurğulayıb.
Qeyd edək ki, Sudan 2023-cü ilin aprel ayından etibarən Sudan ordusu ilə RSF arasında silahlı qüvvələrin birləşdirilməsi məsələsi ilə bağlı yaranan fikir ayrılıqları səbəbindən ölkə daxilində silahlı qarşıdurmalarla üzləşib. Münaqişə dünyada ən ağır humanitar böhranlardan birinə çevrilib, on minlərlə insanın həyatını itirməsinə, milyonlarla şəxsin isə doğma yurdlarını tərk etməsinə səbəb olub.













