İsrail qüvvələri Qəzzanın şimalında və cənubunda məcburi köçkünlərə qarşı həyata keçirdiyi hava hücumları nəticəsində doqquz fələstinli həyatını itirib. Bu barədə fevralın 15-də Qəzzadakı tibbi mənbələr tərəfindən məlumat verilib.
Bildirilir ki, Qəzzanın cənubunda yerləşən Xan Yunisin cənub-qərbində İsrail qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində beş fələstinli mülki şəxs həlak olub.
Qəzzanın şimalında isə səhiyyə işçiləri və hadisə şahidləri Cəbəliyyə qəsəbəsinin qərbində yerləşən əl-Fəluca bölgəsində məcburi köçkünlərin sığındığı çadırın İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) tərəfindən vurulduğunu, nəticədə dörd fələstinlinin öldüyünü və bir neçə nəfərin yaralandığını qeyd ediblər.
Genişmiqyaslı dağıntılar
Bundan başqa, İsrail ordusu Cəbəliyyə qaçqın düşərgəsinin şimal-şərqində fələstinlilərə məxsus evlərin genişmiqyaslı şəkildə dağıdılmasını həyata keçirib. Ərazidə İsrail hərbi texnikasından intensiv artilleriya atəşi və silah səsləri eşidilib.
Qeyd edilir ki, törədilən hücumlar ordunun fevralın 14-də Qəzzanın şimalında İsrail qüvvələrinin yaxınlığında silahlı şəxslərin aşkar edildiyini iddia etməsindən sonra baş verib.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də başlayan və iki il davam edən İsrailin Qəzzaya qarşı törətdiyi soyqırım 72 mindən çox fələstinlinin həlak olmasına, 171 mindən çoxunun yaralanmasına səbəb olub. İsrail qüvvələrinin törətdiyi soyqırım nəticəsində mülki infrastrukturun 90 faizi zərər görüb. Birləşmiş Millətlər Təşkilatı yenidənqurma xərclərini təxminən 70 milyard ABŞ dolları həcmində qiymətləndirir.
Qəzza Səhiyyə Nazirliyi atəşkəs qüvvəyə mindikdən sonra İsrail hücumları nəticəsində təxminən 591 fələstinlinin həlak olduğunu və 1.578-dən çox şəxsin yaralandığını açıqlayıb.






