ABŞ Prezidenti Donald Tramp Amerika Birləşmiş Ştatlarının İranda genişmiqyaslı hərbi əməliyyatlara başladığını elan edərək, Amerika tərəfinin itkilər verə biləcəyi barədə xəbərdarlıq edib. Donald Tramp hücumların əsas məqsədinin İranın raket potensialını və hərbi dəniz donanmasını sıradan çıxarmaq olduğunu bildirib. Bu addım, ABŞ və İsrailin İrana xəbərdarlıq etməsindən sonra atılıb. Həmin xəbərdarlıqda bildirilirdi ki, əgər İran nüvə və ballistik raket proqramlarını davam etdirsə, zərbələrə məruz qala bilər.
"Truth Social" platformasında paylaşım edən Donald Tramp deyib: "Xahiş edirəm, dediklərimi ciddi qəbul edin. İran rejimi insanları qətlə yetirmək niyyətindədir. Cəsur Amerika hərbçiləri arasında itkilər ola bilər, çünki müharibənin təbiəti belədir. Lakin biz bunu bu gün üçün deyil, gələcək üçün edirik və bu, nəcib bir məqsəddir’’.
Prezident eyni zamanda İran Silahlı Qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun üzvlərini silahı yerə qoymağa çağırıb. O, təslim olacaq hərbçilərə toxunulmazlıq vəd edərək, əks halda onları "mütləq ölümün" gözlədiyini vurğulayıb.
Qeyd edək ki, son həftələrdə Vaşinqton və Tehran arasında İranın nüvə ambisiyaları ilə bağlı silsilə danışıqlar aparılıb. Tərəflər arasında fevralın 26-da baş tutan sonuncu görüşdə də heç bir razılıq əldə olunmayıb. Mövzu ilə bağlı danışan Donald Tramp deyib: "İran on illərdir etdiyi kimi, bu dəfə də razılaşmadan imtina etdi. Onlar nüvə iddialarından əl çəkmək üçün hər bir fürsəti geri çevirdilər və biz artıq buna dözə bilmərik".










