DÜNYA
2 dəqiqə oxuma
Rusiyanın Kiyevə qarşı hücumları nəticəsində azı 13 nəfər həyatını itirib
Hücumlar ən azı 13 nəfərin ölümünə və 34 nəfərin yaralanmasına səbəb olub
Rusiyanın Kiyevə qarşı hücumları nəticəsində azı 13 nəfər həyatını itirib
Kiyevdə gecə saatlarında Rusiyanın raket və dron zərbələrinin fəsadları. / Reuters

Rusiyanın Kiyevə qarşı hücumları nəticəsində azı 13 nəfərin öldüyü, 34 nəfərin yaralandığı bildirilib.

Dövlət başçısı Volodimir Zelenskinin Moskvanın "genişmiqyaslı hücuma" hazırlaşdığı barədə xəbərdarlığından dərhal sonra, bu gün (2 iyul 2026) səhər saatlarında Rusiya raketləri və PUA-ları ilə həyata keçirilən hücumlar paytaxt Kiyevi hədəf alıb, nəticədə azı on üç nəfər həyatını itirib, onlarla insan yaralanıb.

Rusiya Müdafiə Nazirliyi Kiyevə qarşı "genişmiqyaslı hücum" başlatdıqlarını və bunun "Kiyev rejiminin mülki infrastruktura yönəlmiş terror hücumlarına cavab" olduğunu bəyan edib.

Hücum Ukrayna Hərbi Hava Qüvvələrinin ballistik raketlərin paytaxta doğru irəlilədiyi barədə xəbərdarlığından sonra baş verib. Zelenski isə iyulun 1-də yaxınlaşan Rusiya hücumu ilə bağlı kəşfiyyat hesabatlarına əsaslanaraq Dublinə səfərini vaxtından əvvəl başa vurub.

Kiyevin mərkəzində və şərqində olan AFP müxbirləri ondan çox partlayış səsi eşitdiklərini bildiriblər, həmçinin aralarında uşaqların da olduğu bəzi sakinlərin ev heyvanları ilə birlikdə metro stansiyalarına sığınmağa çalışdıqlarının şahidi olduqlarını qeyd ediblər.

Kiyev hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko Rusiyanı mülki şəxsləri və yaşayış məntəqələrini qəsdən hədəf almaqda ittiham edib.

Zelenski daha çox hücum olacağı barədə xəbərdarlıq edib

Zelenski iyulun 1-də Rusiyanın böyük bir hücuma hazırlaşdığına dair kəşfiyyat hesabatları səbəbindən Dublindən erkən qayıtdığını qeyd edərək: "Xalqımıza xüsusilə diqqətli olmalarını, özlərini, uşaqlarını və əlbəttə ki, ailələrini qorumalarını, sığınacaqlardan istifadə etmələrini və Ukraynadakı hava hücumu xəbərdarlıqlarına əməl etmələrini tövsiyə edirəm", -deyə danışıb.

Zelenski, həmçinin Rusiya Prezidenti Vladimir Putinin bu hücumu bir müddətdir planlaşdırdığını vurğulayıb.

Ukrayna da son həftələrdə enerji infrastrukturu və hərbi obyektləri hədəf alaraq Rusiya daxilində uzaq mənzilli PUA hücumlarını intensivləşdirib.

Rusiya rəsmiləri sərhəd bölgələrində təkrarlanan hücumların olduğunu bildirərkən, Moskva isə hava hücumundan müdafiə sistemlərinin son günlərdə Ukraynaya məxsus yüzlərlə PUA-nı zərərsizləşdirdiyini qeyd edir.

ABŞ-də yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) tərəfindən yayılan araşdırmaya görə, Rusiyanın Ukraynadakı hücumu iki milyondan çox hərbi itkiyə səbəb olub. Həmin itkilərin böyük əksəriyyəti Rusiya qüvvələrinə məxsusdur.

ABŞ-nin rəhbərliyi ilə münaqişəni bitirməyə yönəlmiş səylər indiyədək uğursuzluqla nəticələnib.

Zelenski iyulun 1-də "X" hesabında etdiyi paylaşımda "Rusiya lideri müharibəni bitirməyi tamamilə rədd edir" ifadələrini işlədib.

Zelenski əlavə edib ki, Ukraynanın müxtəlif rəsmi və qeyri-rəsmi kanallarla danışıqlara hazır olduğunu çatdırmasına baxmayaraq, Moskva daha çox təcavüz nümayiş etdirməyə davam edir.