DÜNYA
1 dəqiqə oxuma
Venesuelada zəlzələ qurbanlarının sayı 5 208-ə çatıb
Rəsmilər zəlzələdən zərər çəkmiş La Qvayra şəhərində xilasetmə işlərinin davam etdiyini və 16 700-dən çox insanın yaralandığını bildiriblər
Venesuelada zəlzələ qurbanlarının sayı 5 208-ə çatıb
İyunun 24-də Venesuelada baş vermiş 7,2 və 7,5 maqnitudalı iki zəlzələnin fəsadları; La Quayra ən çox zərər çəkmiş ərazilər sırasındadır. / Reuters

Venesuela parlamentinin sədri Xorxe Rodriges iyulun 19-da verdiyi açıqlamada keçən ay Venesuelada baş verən ardıcıl zəlzələ nəticəsində ölənlərin sayının 5 208 nəfərə çatdığını bildirib.

"X" sosial şəbəkəsində paylaşım edən Rodriges güclü zəlzələlərdə 16 740 nəfərin yaralandığını qeyd edib. O, həmçinin 128 324 ailəyə yardım göstərildiyini, 107 müvəqqəti sığınacağın yaradıldığını və 23 820 nəfərin həmin sığınacaqlara yerləşdirildiyini əlavə edib.

Təbii fəlakətdən sonra ölkədə 1 388 afterşok qeydə alınıb.

Ətraf mühitin bərpası planı hazırlanır

Digər tərəfdən, Venesuela Ətraf Mühit Nazirliyi fəlakətdən ən çox zərər çəkən bölgələrdən biri olan La Qvayrada sahil ərazilərinin bərpasına yönəlmiş layihə üzrə irəliləyiş əldə olunduğunu bildirib.

Nazirliyin "Instagram" səhifəsindəki paylaşımda sahil xəttinin ekoloji tarazlığını bərpa etmək və yerli ekosistemi yaxşılaşdırmaq məqsədilə əraziyə yerli bitki növlərinin əkiləcəyi qeyd olunub.

Ətraf mühit naziri Nelson Rodriges ardıcıl zəlzələnin zərərçəkmiş bölgədə təxminən 2,106 milyon ton tullantı əmələ gətirdiyini bildirib. O, bu qiymətləndirmənin Venesuela hökuməti və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə aparılan modelləşdirmə tədqiqatına əsaslandığını diqqətə çatdırıb.

Qeyd edək ki, Venesuela iyunun 24-də 7,2 və 7,5 bal gücündə iki zəlzələ ilə sarsılıb.