Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova Böyük Britaniyanı Rusiya-Ukrayna münaqişəsinə müdaxilə etməkdən çəkinməyə çağırıb. O bildirib ki, ekskalasiyanın davam etməsi münaqişəni tamamilə yeni səviyyəyə qaldıra bilər.
Moskvada keçirilən mətbuat konfransında çıxış edən Zaxarova vurğulayıb ki, Britaniya və Fransa Ukraynanı mürəkkəb raket texnologiyaları ilə təmin etməklə odla oynayırlar.
Xatırladaq ki, Böyük Britaniya avqustun 24-də Kiyevə Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək imkanına malik "Storm Shadow" uzunmənzilli qanadlı raketlərinin istehsalına başlaması üçün məxfi texnologiyalara çıxış imkanı yaradacağını açıqlayıb.
Böyük Britaniya Müdafiə Nazirliyindən bildirilib ki, London Ukraynanı dəstəkləməkdə davam edir və bu ölkəyə "Vladimir Putinin qanunsuz işğalından" müdafiə olunmaq üçün lazımi bütün silah-sursatı verməyə sadiqdir



















