DÜNYA
2 dəqiqə oxuma
Əhməd əş-Şəraa:"Suriya Livan böhranının həllinə fəal töhfə verməyə hazırdır''
Suriya Prezidenti Əhməd əş-Şəraa Dubayda fəaliyyət göstərən "Əl-Məşhəd" televiziya kanalına verdiyi müsahibədə regional proseslər və ABŞ Prezidenti Donald Trampla apardığı müzakirələr barədə mühüm açıqlamalar verib
Əhməd əş-Şəraa:"Suriya Livan böhranının həllinə fəal töhfə verməyə hazırdır''
Əhməd əş-Şəraa:"Suriya Livan böhranının həllinə fəal töhfə verməyə hazırdır''

Suriya Prezidenti Əhməd əş-Şəraa Dubayda fəaliyyət göstərən "Əl-Məşhəd" televiziya kanalına verdiyi müsahibədə regional proseslər və ABŞ Prezidenti Donald Trampla apardığı müzakirələr barədə mühüm açıqlamalar verib. Əhməd əş-Şəraa ABŞ rəhbərinin bəyanatlarının ictimaiyyət tərəfindən yanlış anlaşıldığını bildirərək Trampın əslində Livandakı müharibəyə görə narahat olduğunu və Suriyanın Livanla koordinasiyalı şəkildə böhranın nizamlanmasında müsbət rol oynaya biləcəyini qeyd etdiyini diqqətə çatdırıb. Suriyanın Livan böhranının həllinə fəal töhfə verməyə hazır olduğunu vurğulayan Suriya Prezidenti əvvəlki rejimin devrilməsindən sonra regionda tamamilə yeni imkanların yarandığını ifadə edib. O, bəzi Livan siyasi dairələrinin hələ də köhnə dövrün təfəkkürü ilə hərəkət etdiyini qeyd edib.

Donald Trampla keçirdiyi görüşlərdə Livan məsələsini bir neçə dəfə müzakirə etdiklərini bildirən Ə.Şəraa problemin yalnız hərbi üsullarla, bombardman və dağıntılarla həll edilə bilməyəcəyini Trampın diqqətinə çatdırdığını bəyan edib. Müharibənin dayandırılmasının vacibliyini qeyd edən dövlət başçısı böhrandan çıxışın həm iqtisadi, həm siyasi, həm də sosial islahatlardan keçdiyini vurğulayıb. Rəsmi Dəməşqin Livanda yeni bir qütbləşmə yaratmaq niyyətində olmadığını və keçmişdəki hərbi müdaxilə modelinə qayıtmaq istəmədiyini bildirən Ə.Şəraa ‘‘Hizbullahla’’ bağlı suala da aydınlıq gətirib. O, ‘‘Hizbullah’’la fundamental və dərin problemlərinin olduğunu gizlətməyərək, Livan və Suriyanın milli maraqlarına xidmət edəcəyi təqdirdə bu təşkilatla eyni masa arxasında əyləşməyə hazır olduqlarını və əsas məqsədlərinin mövcud problemləri Livanın məhvinə yol vermədən, sülh yolu ilə həll etmək olduğunu vurğulayıb.