Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Numan Kurtulmuş verdiyi açıqlamada beynəlxalq ictimaiyyətin İsrailin davam edən beynəlxalq hüquq pozuntuları qarşısında səssiz qala bilməyəcəyini bildirib.
Romada keçirilən Avropa Parlament Sədrləri Konfransında çıxış edən N.Kurtulmuş deyib: "Cəzasızlığın davam etməsinə icazə verə bilmərik”.
Numan Kurtulmuş beynəlxalq ictimaiyyəti beynəlxalq hüququ qorumaq naminə praktiki addımlar atmağa çağırıb və qaydalara əsaslanan beynəlxalq nizamın zədələnməsinin Qəzzada illərdir davam edən humanitar fəlakət və soyqırımda aydın şəkildə göründüyünü ifadə edib.
TBMM-nin sədri deyib: "Qəzzada və ümumilikdə regionda yaşanan humanitar fəlakətə, İsrail hökumətinin Fələstin xalqına qarşı törətdiyi açıq insan hüquqları pozuntularına və bəşəriyyətə qarşı cinayətlərə artıq göz yuma bilmərik. Bu, yalnız siyasi bir təşəbbüs deyil, eyni zamanda yaşanan böyük humanitar acılar qarşısında mənəvi bir öhdəlikdir.
İsrail təcavüzü yalnız Qəzza ilə məhdud deyil. İordan çayının qərb sahilində dağıntılar, məcburi köçkünlük və məskunlaşanların zorakılıq əməlləri davam edir. İsrail Suriya və Livan da daxil olmaqla region ölkələrinin ərazi bütövlüyünü və suverenliyini təhdid etməkdə davam edir.
Qəzza xalqının çəkdiyi əzabların və beynəlxalq humanitar hüquq pozuntularının dərhal dayandırılması üçün parlamentlər hərəkətə keçməlidir”.
TBMM-nin sədri parlamentlərə Qəzza xalqının yaşadığı acıların və beynəlxalq humanitar hüquq pozuntularının təcili olaraq sona çatdırılması prosesində fəal rol oynamaq çağırışı edib.
















