BMT-nin Baş katibi Antonio Quterreş iyulun 25-də (bu gün) Suriyanın paytaxtı Dəməşqə rəsmi səfər edib. Bu səfər, beynəlxalq ictimaiyyət tərəfindən Əsəddən sonrakı keçid dövrünü yaşayan Suriya ilə yenidən əlaqələrin qurulduğunu göstərir.
A.Quterreşi Dəməşq Beynəlxalq Hava Limanında Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani qarşılayıb.
Üç gün davam edəcək səfər çərçivəsində A.Quterreşin ölkə prezidenti Əhməd əş-Şara, yüksək vəzifəli rəsmilər, vətəndaş cəmiyyəti nümayəndələri və ölkədə yeni yaradılmış keçid parlamentinin üzvləri ilə görüşəcəyi gözlənilir.
Qeyd edək ki, gerçəkləşən səfər BMT Baş katibi səviyyəsində son 17 ildə reallaşan ilk təmasdır. Sonuncu dəfə Ban Ki-mun Suriyada vətəndaş müharibəsi başlamazdan iki il əvvəl (2009-cu ildə) Dəməşqə səfər etmişdi.
Xatırladaq ki, toqquşmalar zamanı yarım milyondan çox insan həyatını itirib, milyonlarla şəxs isə yaşayış yerini tərk etmək məcburiyyətində qalıb. Rejim lideri Bəşər Əsəd isə 2024-cü ilin dekabrında süquta uğrayıb.
Suriyanın keçid prosesinə dəstək
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Klaudio Kordone ölkə tarixinin bu mərhələsini "həlledici dövr" kimi qiymətləndirib. BMT Baş katibinin bu prosesdə təşkilatın Suriyanın siyasi keçidinə və bərpa işlərinə verdiyi dəstəyi bir daha bəyan edəcəyi gözlənilir.
A.Quterreş hökumət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyəti təşkilatları və qadın hüquqları sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri ilə də görüşəcək.
Bu təmasların BMT-nin təkcə dövlət qurumları ilə kifayətlənmədiyini, daha genişmiqyaslı əməkdaşlığa üstünlük verdiyini nümayiş etdirəcəyi gözlənilir.
Regional təhlükəsizlik gündəmdədir
A.Quterreşin İsrailin işğalı altında olan Qolan təpələrində xidmət aparan Birləşmiş Millətlər Təşkilatının Atəşkəsə Nəzarət Qüvvələrini də ziyarət etməsi planlaşdırılır.
BMT-nin sülhməramlı əsgərləri 1974-cü ildən bəri Suriya ilə İsrail arasındakı atəşkəs xəttinə nəzarət edirlər.
Bu səfər Suriyanın on ildən çox davam edən münaqişə və siyasi gərginlikdən sonra beynəlxalq ictimaiyyətlə əlaqələrini bərpa etməyə və ölkədə sabitliyi təmin etməyə çalışdığı bir dövrdə baş tutur.



















