Rusiyanın dövlət xəbər agentliyi TASS-ın məlumatına görə, Hindistan hərbi birləşmələri Rusiya və Belarusun birgə keçirdiyi “Zapad-2025” hərbi təlimlərinə qatılıb. Bu iştirak, Hindistanla ABŞ arasında gərginliyin artdığı bir vaxtda rəsmi Moskvanın Yeni Dehli rəhbərliyi ilə əlaqələrinin əhəmiyyətini nümayiş etdirir.
Hindistan Müdafiə Nazirliyi də məlumatı təstiqləyərək bildirib ki, 11–16 sentyabr tarixlərində keçirilən və beş gün davam edən təlimlərə 65 hərbi qulluqçu göndərib. Təlimlərdə ümumilikdə 100 minə yaxın əsgər iştirak edib. Manqaların ssenarilərinə nüvə daşıya bilən bombardmançı təyyarələr, döyüş gəmiləri və genişmiqyaslı hərbi hazırlıq yoxlamaları daxil edilib.
Keçirilən hərbi təlim zamanı Rusiya prezidenti Vladimir Putin əsgərlərlə görüşüb və onların hərbi bacarıqlarını yüksək qiymətləndirib. Hindistanın iştirakına “Kumaon” alayından bir tabur rəhbərlik edib.
TASS xəbər agentliyi bildirib ki, təlimlərə İran, Banqladeş, Burkina-Faso, Konqo Demokratik Respublikası və Malidən də qüvvələr qatılıb.
ABŞ və NATO ilə gərginlik
Təlimlər NATO ilə artan gərginlik fonunda keçirilib və Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Polşada vurulmasından cəmi bir neçə gün sonra baş tutub.
Xatırladaq ki, ABŞ–Hindistan münasibətlərində aylardır davam edən gərginlik hələdə öz həllini tapmayıb. Belə ki, rəsmi Vaşinqton ötən ay Hindistandan idxal olunan mallara 50 faiz gömrük rüsumu tətbiq edib. Bundan əlavə, Amerika hökuməti Yeni Delhi rəhbərliyini güzəştli Rusiya nefti alaraq Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləməkdə günahlandırır.
ABŞ prezidenti Donald Tramp ayın əvvəlində sosial şəbəkədə paylaşım edərək bildirmişdi ki, Hindistan və Rusiya, Tiencində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitindəki görüşlərdən sonra Çin qarşısında aciz kimi görünür.
Bütün bunlara baxmayaraq, Hindistanın Baş naziri Narendra Modi isə “Hindistan və ABŞ yaxın dostlar və təbii tərəfdaşlardır” deyərək, danışıqların ikitərəfli münasibətlərin sərhədsiz potensialını üzə çıxaracağına inamını ifadə edib.
Qeyd edək ki, Hindistan dövlətinin Rusiyanın rəhbərlik etdiyi hərbi təlimlərdə ilk iştirakı deyil. 2021-ci ildə, Rusiyanın Ukrayna ilə genişmiqyaslı müharibəsinə az qalmış, Hindistan bölmələri Volqoqrad bölgəsində keçirilən hərbi təlimlərdə iştirak etmişdi.
Həmçinin bildirilir ki, Hindistan ənənəvi olaraq müdafiə təchizatının böyük hissəsini Rusiyadan alsa da, son illər idxal mənbələrini diversifikasiya etməyə çalışır.










