TÜRKİYƏ
5 dəqiqə oxuma
"TRT World Forum 2026"da beynəlxalq hüquq və Qəzza mövzusu müzakirə olundu
"Beynəlxalq hüquq və humanitar böhranın kəsişməsində Qəzza" başlıqlı paneldə İsrailin Qəzzada davam etdirdiyi insan hüquqları pozuntuları diqqət mərkəzində olub
"TRT World Forum 2026"da beynəlxalq hüquq və Qəzza mövzusu müzakirə olundu
"TRT World Forum 2026"da beynəlxalq hüquq və Qəzza mövzusu müzakirə olundu

İstanbul Konqres Mərkəzində bu il 10-cu dəfə "Mərkəzsiz dünya: Qaydalar əhəmiyyətini itirəndə kim lider olur?" mövzusu ilə keçirilən "TRT World Forum 2026" çərçivəsində "Beynəlxalq hüquq və humanitar böhranın kəsişməsində Qəzza" paneli baş tutub.

Açılışında Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalının çıxış etdiyi və moderatorluğunu "TRT World" aparıcısı və baş prodüseri Qida Faxrinin etdiyi paneldə mühüm şəxslər məruzəçi kimi iştirak ediblər. Onların arasında Cənubi Afrikanın keçmiş Beynəlxalq Əlaqələr və Əməkdaşlıq naziri Qreys Naledi Mandisa Pandor, Beynəlxalq Böhran Qrupunun prezidenti Komfort Ero, "Sərhədsiz Reanimatorlar" (MSF) təşkilatının üzvü Cavid Abdelmoneim və Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin üzrə keçmiş Humanitar Məsələlər Koordinatoru Lin Hantinqs yer alıblar.

Qreys Pandor Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) İsrailə qarşı qaldırdığı iddianın Qəzzada baş verənlərin sadəcə bir böhran və ya müharibə olmadığına dair möhkəm inamın göstəricisi olduğunu vurğulayaraq deyib: "Bu, həqiqətən də rəhmsizcəsinə həyata keçirilən bir hücum, bir soyqırımı idi. Biz bu vəziyyətin adının kəsərli və açıq şəkildə qoyulmasını istədik".

Həmin dövrdə həmsöhbətlərinin çoxunun "soyqırım" terminini işlətməyin artıq olduğunu bildirdiklərini xatırladan Q.Pandor bu gün artıq bir dönüm nöqtəsində olduqlarını diqqətə çatdırıb. O, dünya liderlərinin əksəriyyətinin artıq bu termini işlətdiyini və reallığı qəbul etdiyini bildirib.

Q.Pandor BƏM-də prosesin ləng irəlilədiyini və BMT sistemi çərçivəsində əlverişli icra mexanizminin yer almadığını qeyd edərək deyib: "Konvensiyalar və müqavilələrlə formalaşmış geniş beynəlxalq hüquq çərçivəmiz var. Lakin mənfi cəhət odur ki, sülhü tətbiq etmə və icraya məcburetmə imkanlarını inkişaf etdirə bilməmişik".

BMT-nin əsaslı islahatından bəhs edilərkən gələcəkdə mütləq həllini tapmalı olan məsələlərdən birinin də bu olduğunu bildirən Q.Pandor vurğulayıb ki, üzv dövlətlər kimi konvensiya və müqavilələri təsdiqləyirik və onları icra etmək öhdəliyimiz var.

"İmzalarımız kağız üzərində təsirsiz mürəkkəb izindən ibarət qalmamalıdır. Təəssüf ki, imzalarımızın heç bir əhəmiyyəti yoxmuş kimi davranırıq. Tərəfdarı olduğumuz konvensiyaların tələblərini yerinə yetirmirik", - deyə Q.Pandor əlavə edib.

 

"Bizə irqçi İsrailin qarşısında duracaq cəsarətli liderlər lazımdır"

Q.Pandor məhz bu səbəbdən Fələstin xalqının acınacaqlı vəziyyətinin bu qədər uzun müddət davam etdiyinə diqqət çəkərək deyib:

"Cənubi Afrikadan irqçi rejimə qarşı apardığımız mübarizənin ən mühüm dinamik qüvvələrindən birinin beynəlxalq həmrəylik anlayışı olduğunu bilirsiniz. Bu, dünyanın bizim yanımızda durması demək idi. Bu gün isə dünyanın kifayət qədər böyük bir hissəsi fələstinlilərin yanında durmur. Dünya bu gün kifayət qədər cəsarət nümayiş etdirmir. Dünyanın böyük hissəsi boykotlar, sanksiyalar və investisiyaların geri çəkilməsi kimi beynəlxalq həmrəyliyin vacib alətlərindən istifadə etmir. İrqçi İsrail rejiminə qarşı həddindən artıq güzəştə gedirik. Fikrimcə, Fələstin xalqı azadlığına qovuşana qədər onların adına irqçi İsrailin qarşısına dikiləcək cəsarətli liderlərə ehtiyacımız var".

Cənubi Afrikanın bu rejim ilə mübarizəsində mövcud olan siyasi əxlaqın aradan qalxdığını bildirən Q.Pandor onlarca il əvvəl dünyanın dəyər verdiyi prinsiplərin unudulduğunu ifadə edib.

 

Dünyadakı ən böyük problem BMT-nin 5 daimi üzvünün səlahiyyətlərini yaxşılıq üçün istifadə etməməsidir

Q.Pandor siyasi əxlaqı yenidən bərpa etməyin vacibliyini vurğulayaraq deyib: "Prezident Rəcəb Tayyib Ərdoğan dünyanın beşdən böyük olduğunu söyləyərkən tamamilə haqlı idi və buradakı əsas məsələ də məhz budur. Dünyanın qarşılaşdığı ən böyük problem həmin beş ölkənin əllərində saxladıqları nəhəng gücü dünyanın rifahı üçün istifadə edə bilməməsidir".

Cənubi Afrikanın bu gün azad olduğunu və Fələstinin də eyni şəkildə azadlığına qovuşacağına inandığını bildirən Q.Pandor region ölkələrinin Fələstinin azadlığını dəstəkləmək istiqamətində birgə fəaliyyət göstərməli olduğunu diqqətə çatdırıb.

Komfort Ero isə cəmiyyətlərin və dövlətlərin bir-birindən uzaqlaşdığını, bunun seçkilərdə aydın göründüyünü qeyd edərək, insanların artıq gözləri qarşısında baş verənlərə göz yummadığını vurğulayıb.

Cəmiyyətdə bu ədalətsizlik səviyyəsi ilə barışmayan yeni bir nəslin formalaşdığına diqqət çəkən K.Ero bu insanların seçki dövründə öz mövqelərini nümayiş etdirəcəklərini və bu növ cinayətlərə necə göz yumulduğunu sorğulayacaqlarını bildirib.

K.Ero hansı ölkələrin həmrəylik göstərərək bu cinayətlərə diqqət çəkəcəyinin əhəmiyyətini qeyd edib. O, olası sanksiyaların təkbaşına uğur qazanmasının gözlənilmədiyini və bunun hamılıqla edilməsinin vacibliyini bildirib.

Lin Hantinqs də BMT-nin mümkün qədər insani yardım sahəsində tərəfdaş qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı davam etdirdiyini diqqətə çatdırıb. O, BMT-nin humanitar yardım proseslərinin irəliləməsi üçün bir çox ölkədə hər gün danışıqlar apardığını bildirib.

 

Dövlətlər insani yardım əməkdaşlarını müəyyən səbəblərə görə arzu edilməyən şəxs elan edə bilər

Danışıqlar prosesində insani yardımların çatdırılmasını istəməyən üzv dövlətlərin oxşar səbəblərinin olduğuna toxunan L.Hantinqs belə bir qiymətləndirmə aparıb:

"Ərazidə insani yardım çatdırarkən insan hüquqlarının pozulması və ya müharibə cinayətinin sübutlarına şəxsən şahid ola bilərsiniz. Məhz buna görə hökumətlər bu məlumatları toplamağınızı istəmir. Zənnimcə, Fələstindəki əsas fərq vəziyyətin davamlı xarakter alması və bölgəyə daxilolma imkanlarının getdikcə məhdudlaşdırılması oldu. Yekun hədəfimiz vəziyyətin yaxşılaşması olsa da, təəssüf ki, hər şey pillə-pillə daha da pisləşdi".

L.Hastinqs tarixin mövcud yolun sülhü təmin etməkdə effektsiz olduğunu göstərdiyini vurğulayaraq, yeni bir yanaşmanın mənimsənilməsinin və hazırda davam edən danışıqların kifayət qədər kəsərli olmadığının vurğulayıb.

Cavid Abdelmoneim isə Qəzzadakı ən mühüm məsələlərdən birinin mülki şəxslərin həyatına tamamilə laqeyd yanaşılması olduğunu diqqətə çatdırıb. O, bir həkim kimi Qəzzada yaşanan və şəxsən şahidi olduğu hücumların bəziləri haqqında danışıb.

C.Abdelmoneim 4 əsirin xilas edilməsi məqsədilə diqqəti yayındırmaq üçün bir bazara təşkil edilən hücumda yaralanan və həlak olanların sayının təxminən 1000 nəfər olduğunu bildirib.

 

Qəzzada mülki şəxslərin həyatı yox sayılır

İşlədiyi xəstəxanada çoxlu sayda yaralının gətirildiyi hadisəyə şahidlik etdiyini və bu hücumların təhlükəsiz insani zonada baş verdiyini bildirən C.Abdelmoneim deyib: "Mülki şəxslərin həyatına bu dərəcədə məhəl qoyulmaması, zənnimcə, başqa heç bir yerdə rast gəlmədiyim, həqiqətən də son dərəcə qeyri-adi bir vəziyyətdir".

C.Abdelmoneim ikinci məqamın bölgədəki vəziyyətin sistematik xarakter alması olduğunu göstərərək: "Sağlam bir həyat sürmək imkanının tamamilə aradan qaldırıldığını gördük. Soyqırıma dəlalət edən məqam da məhz budur", – ifadəsini işlədib.

İnsanların təməl ehtiyaclarını qarşılaya bilməməsinə toxunan C.Abdelmoneim Qəzza və İordan çayının qərb sahilində səhiyyə sistemi ilə yanaşı, tibb işçilərinin də hədəf alındığını, onların saxlanıldıqlarını, işgəncələrə məruz qaldıqlarını və öldürüldüklərini diqqətə çatdırıb.

C.Abdelmoneim həmkarlarından birinin heç bir ittiham irəli sürülmədən İsrail həbsxanasında saxlanıldığını sözlərinə əlavə edib.

MƏNBƏ:TRT