Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzanın təcili olaraq sağalmasına və yenidən qurulmasına ehtiyac olduğunu bəyan edərək, Türkiyənin mövcud HƏMAS-İsrail razılaşmasının davamlı sülhə töhfə verməsini təmin etmək üçün ciddi səy göstərdiyini vurğulayıb.
İstanbulda keçirilən 5-ci Türkiyə-Afrika İş və İqtisadi Forumda çıxış edən Ərdoğan deyib: "İsrailin keçmişdə etdiklərinə görə ehtiyatlıyıq. Qəzzanın təcili olaraq bərpa işlərinə və hər sahədə yenidənqurulmaya ehtiyacı var. Türkiyə razılaşmanın davam etməsi üçün ciddi səy göstərir və davamlı sülhə yol açır".
"Sudanda axan qanlara son qoyulsun"
Sudanda davam edən böhrana toxunan dövlət başçısı Ərdoğan münaqişədən dərin kədərləndiyini qeyd edib və atəşkəs və davamlı sülhə ümid etdiyini bildirib. Ərdoğan beynəlxalq ictimaiyyətin Sudan faciəsinə yetərincə diqqət yetirmədiyini vurğulayaraq, “Qan tökülməsinə son qoymaq hər kəsin insani borcudur” deyib.
Ərdoğan onu da deyib ki, təəssüf ki, Qərb dünyası Afrikadakı vətəndaş müharibələrini, qarşıdurmaları və mübahisələri qitənin taleyi kimi görür.
Qeyd edək ki, 2023-cü ilin aprelindən bəri Sudan ordusu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (RSF) arasında baş verən toqquşmalar BMT və yerli rəsmilərin məlumatına görə, 20 mindən çox insanın həyatına son qoyub və təxminən 15 milyon insanı didərgin salıb.
ABŞ universitetləri tərəfindən aparılan bir araşdırma ölənlərin sayının təxminən 130 min olduğunu ortaya qoyub.




















