Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Dohada danışıqlar aparan nümayəndə heyətinə təşkil etdiyi hücumu ‘‘məsuliyyətsiz addım’’ adlandırıb. O, bu addımı “beynəlxalq sistemə və hüquqa açıq-aşkar itaətsizlik” kimi qiymətləndirib.
“Bu hücum bir daha sübut edir ki, İsrailin işğalçı və terrorçu zehniyyəti hansı səviyyəyə çatıb’’,-deyə Türkiyə prezidenti vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan Dohada keçirilən ərəb və İslam dövlətlərinin fövqəladə sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Prezident Türkiyənin Qətər və Fələstin xalqının yanında olduğunu vurğulayaraq, həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
Ərdoğanın sözlərinə görə, sammit İslam dünyasının İsrailin təcavüzünə qarşı qətiyyətli mövqeyini nümayiş etdirdi. Sammit çərçivəsində qəbul edilən qərarlar arasında əlavə diplomatik və iqtisadi tədbirlər, həmçinin İsraillə münasibətlərə yenidən baxılması məsələsi də yer alıb.
Prezident bildirib ki, yekun bəyannamədə İsrailin təcavüzünün yalnız Fələstinə deyil, bütün müsəlman ölkələrinə yönəldiyi xüsusi vurğulanıb və hücumların dayandırılması üçün bütün mümkün hüquqi və təsirli tədbirlərin görülməsinə çağırılıb.
R.T. Ərdoğan həmçinin BMT Baş Assambleyasının Nyu-York Bəyannaməsini 142 səslə qəbul etməsini alqışlayaraq bu qərarı iki dövlətli həll yolunda diplomatik səylər baxımından “dönüş nöqtəsi” adlandırıb.
‘‘Bu, Türkiyənin mövqeyinin qlobal miqyasda geniş dəstək qazandığını göstərir’’, – deyə dövlət başçısı qeyd edib.
Regional gərginliklərə toxunan Türkiyə lideri “vəd edilmiş torpaq” adı altında sərhədlərin yenidən cızılmasına yönəlmiş etibarsız ssenariləri də qəti şəkildə rədd edib. Onun sözlərinə görə, bu cür iddialar hüquqi baxımdan əsassız və legitimlikdən uzaqdır. O, belə iddiaların yalnız İsrailin “radikal və faşist ideologiyasının” maraqlarına xidmət etdiyini deyib.
R.T.Ərdoğan həmçinin qeyd edib ki, İsrail hökuməti radikal ideologiyanı bölgədə müsəlmanlar, xristianlar və yəhudilər üçün təhlükə yaradan bir “faşist cinayət şəbəkəsi”nə çevirib.
“İsrailin törətdiyi soyqırıma qarşı çıxan yəhudiləri dinlədikdə, sionizmin necə təhlükəli bir ideologiya olduğunu açıq şəkildə görürük” – deyə R.T.Ərdoğan vurğulayıb.
Prezident bildirib ki, Türkiyənin əsas məqsədi bölgədə sülh, ədalət və insan ləyaqətinin üstünlüyünü təmin etməkdir.











