Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edən Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rusiya ilə Ukrayna arasında potensial sülh danışıqları üçün Türkiyədən daha uyğun məkan yoxdur.
Hakan Fidan “TRT Haber”ə müsahibəsində deyib: “Biz bunu keçən yay İstanbulda keçirdiyimiz üç görüşlə sübut etdik. Həm iclasa ev sahibliyi etdik, həm də sədrlik. Tərəflər hər görüşdən həqiqətən məmnun qaldılar’’.
Həmkarları ilə keçirdiyi görüşlərdən sonra açıqlama verən Hakan Fidan qeyd edib ki, müzakirələr əsasən Rusiya–Ukrayna müharibəsi, mümkün sülh çərçivəsi və Türkiyənin mərkəzi rol oynadığı daha geniş regional məsələlər ətrafında cəmlənib.
“Ən vacib məsələ masadan qalxmamaqdır. Güzəştə getmək niyyəti ilə otursanız, sonda nəticəyə nail olacaqsınız”, – deyə Hakan Fidan vurğulayıb.
O, həmçinin ABŞ vasitəçisi Stiv Vitkoffun danışıqların irəliləməsinə töhfə vermək üçün lazımi imkanlara malik olduğunu söyləyib. Türkiyənin xarici işlər naziri bildirib ki, hər iki tərəfin yaxın zamanda daha müsbət mövqe sərgiləməsi gözlənilir.
“Rusiyanın mövqeyi müsbətdir və düşünürəm ki, Ukrayna da tezliklə müsbət mövqe nümayiş etdirəcək”, – deyə Hakan Fidan bildirib.
Nazir vurğulayıb ki, istənilən yekun razılaşma təkcə müharibəyə son qoymayacaq, həm də Avropanın gələcəyini formalaşdıracaq. “Hər kəs riskləri və faydaları hesablayır. Belə mürəkkəb şəraitdə məqsədlərin aydınlaşdırılması və tərəflərin bu məqsədlərə yönləndirilməsi getdikcə daha vacib olur’’,-deyə Hakan Fidan deyib.
Hakan Fidan Qara dənizdə ticarət gəmilərinə edilən son hücumlara da münasibət bildirib. Onun sözlərinə görə, Türkiyə, Rumıniya və Bolqarıstan üzən minalarla mübarizə və dəniz təhlükəsizliyinin artırılması üçün işçi qrupu yaradıblar və bu ölkələrin dəniz qüvvələri artıq əməkdaşlıq edir.
“Son hücumlar xəbərdarlıqlarımızın nə qədər haqlı olduğunu göstərir. Müharibənin coğrafiyası genişlənir və bu, çox təhlükəlidir”, – deyə nazir qeyd edib.
Aİ ilə münasibətlərə toxunan Hakan Fidan bildirib ki, Türkiyənin demək olar ki, bütün Avropa İttifaqı ölkələri ilə əlaqələri müsbət inkişaf edir. Lakin Cənubi Kipr Yunan Administrasiyasının mövqeyi əməkdaşlığa mane olmağa davam edir.
“Kiminlə danışsam, hamı Cənubi Kipr Yunan Administrasiyasından şikayətlənir. Bir ovuc insan Türkiyə–Aİ münasibətlərinin inkişafına mane olur. Bu 400 milyondan çox insanın taleyinə təsir edir”, – deyə Hakan Fidan vurğulayıb.
Nazir həmçinin deyib ki, Türkiyə güclü institutları, dinamik əhalisi və rəqabətədavamlı özəl sektoru ilə etibarlı, ədalətli və səlahiyyətli tərəfdaş olaraq qalır. Onun sözlərinə görə, siyasi maneələrin aradan qaldırılması Aİ–Türkiyə münasibətlərinin tam potensialına çatması üçün vacibdir.










