İQTİSADİYYAT
2 dəqiqə oxuma
Qlobal miqyasda işsizlik son bir ildə gənclər arasında xeyli artıb
Bu barədə Beynəlxalq Əmək Təşkilatı (ILO) keçən ilin hesabatına əsasən məlumat verib
Qlobal miqyasda işsizlik son bir ildə gənclər arasında xeyli artıb
Qlobal miqyasda işsizlik son bir ildə gənclər arasında xeyli artıb

Beynəlxalq Əmək Təşkilatının (ILO) gənclərin məşğulluğu ilə bağlı illik hesabatına əsasən, 15-24 yaş arası gənclər arasında qlobal işsizlik səviyyəsi 2024-cü ildəki 12,3 faizdən 2025-ci ildə 12,4 faizə yüksəlib. Ümumilikdə 67 milyon gəncin işsiz olduğu bildirilir.

Eyni dövrdə nə təhsil alan, nə də əmək bazarında fəaliyyəti olan (NEET) gənclərin payı cüzi miqdarda artaraq 20 faizə çatıb. Bu kateqoriyadan olanların sayı 257 milyon nəfəri keçib.

Beynəlxalq Əmək Təşkilatı (ILO) gənclər arasında işsizlik səviyyəsinin 2026 və 2027-ci illərdə 12,3 faiz səviyyəsində sabit qalacağını proqnozlaşdırır.

Görünən bu sabitliyə baxmayaraq, təşkilat rəsmiləri narahatlıqlarını ifadə edirlər. Beynəlxalq Əmək Təşkilatının (ILO) Məşğulluq Siyasəti Şöbəsinin məsul şəxsi Sara Elder işsizlik səviyyəsi ilə NEET nisbətinin eyni vaxtda yüksəlməsinin riskli olduğunu vurğulayıb.

2023–2025-ci illər arasında dünyadakı 11 bölgədən 8-də gənclər arasında işsizliyin artması müşahidə olunub. Ən yüksək artım Şimali Amerika, Şimali Afrika, həmçinin Şimali, Cənubi və Qərbi Avropada qeydə alındı.

 

Süni intellekt məşğulluq imkanlarını dəyişir

Hesabatda iqtisadi artımın zəifləməsi, kifayət qədər iş imkanının olmaması, geopolitik gərginliklər və texnoloji dəyişikliklərin sürəti səbəbindən gənclərin işsizlik səviyyəsində yeni krizisin astanasına gəlindiyi qeyd edilib.

Texnoloji irəliləyişlərin, xüsusilə də süni intellektin gənclərin iş tapmaq imkanlarına birbaşa təsir göstərdiyi vurğulanıb.

Orta ixtisas tələb edən işlərin azalması gənclərin karyera pillələrinə qədəm qoymasını çətinləşdirib. Ofis işçiləri, inzibati xidmətlər, satış, sənaye və texniki peşələr kimi sektora giriş səviyyəsi sayılan ənənəvi iş sahələrində geriləmə yaşanıb.

Beynəlxalq Əmək Təşkilatının (ILO) Məşğulluq, Bacarıqlar və Dayanıqlı Müəssisələr Departamentinin direktoru Sukti Dasqupta 15-29 yaş arası gənclərin icra etdiyi mövcud işlərin 6,1 faizinin süni intellektdən ciddi şəkildə təsirlənəcək peşələr olduğunu açıqlayıb.

S.Dasgupta bildirib ki, bu sahələrin 10 faizi ləğv olunarsa, əksəriyyəti yüksək gəlirli ölkələrdə olmaqla 5,6 milyon gənc işsizlik, peşə dəyişikliyi və ya əmək bazarından tamamilə uzaqlaşmaq riski ilə üz-üzə qalacaq.

MƏNBƏ:TRT