Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) həyata keçirdiyi əməliyyat nəticəsində İsrail kəşfiyyat agentliyi ‘‘Mossad’’ üçün casusluq etməkdə təqsirləndirilən iki nəfər saxlanılıb.
Türkiyə təhlükəsizlik mənbələrinin yaydığı məlumata görə, Mehmet Budak Derya və Veysel Kerimoğlu MİT, İstanbul Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin birgə keçirdiyi əməliyyat çərçivəsində saxlanılıblar.
İstintaqa əsasən, mədən mühəndisi olan Derya 2005-ci ildə Mersinin Silifke rayonunda mərmər karxanası açaraq beynəlxalq ticarət fəaliyyəti ilə məşğul olmağa başlayıb. Onun müxtəlif ölkələrdə genişlənən biznes əlaqələrinin İsrail kəşfiyyatının diqqətini cəlb etdiyi bildirilir.
Məlumata görə, 2012-ci ilin sentyabrında İsrail tərəfindən yönləndirilən və “Əli Əhməd Yassin” ləqəbindən istifadə edən bir şəxs Deryanın ofisinə gələrək ona əməkdaşlıq təklif edib.
2013-cü ilin yanvar ayında isə Deryanın Avropada keçirilən görüş zamanı Mossad agentləri ilə tanış olduğu iddia olunur.
Bu görüşlər zamanı “Luis” ləqəbindən istifadə edən ‘‘Mossad’’ üzvünün Fələstin əsilli Türkiyə vətəndaşı Veysel Kərimoğlunun da şəbəkəyə cəlb edilməsini istədiyi bildirilir. İddialara görə, hər iki şəxsdən bütün fəaliyyətləri və qurduqları əlaqələr haqqında birgə hesabatlar təqdim etmələri tələb olunub.
Təhlükəsizlik mənbələrinin məlumatına görə, Mehmet Budak Derya müxtəlif Avropa ölkələrində “Luis”, “Jesus/Jose”, “Dr. Roberto/Rikardo”, “Dan/Dennis”, “Mark”, “Elli/Emmi” və “Maykl” kimi ləqəblərdən istifadə edən çoxsaylı ‘‘Mossad’’ agentləri ilə görüşlər keçirib.
İddia olunur ki, şübhəlilər sosial və işgüzar əlaqələrdən istifadə edərək İsrailin bölgədəki siyasətini tənqid edən fələstinlilər haqqında məlumat toplayıb və bu məlumatları Mossada ötürüblər.
Derya həmçinin Qəzzaya giriş icazəsi almağa cəhd göstərməkdə, oradakı müəyyən obyektlərdə kəşfiyyat aparmaqda və əldə etdiyi fotoşəkilləri ‘‘Mossad’’a göndərməkdə ittiham olunur.
Sənədlərdə yer alan digər iddiaya görə, 2016-cı ildə Kərimoğlu pilotsuz uçuş aparatları üçün ehtiyat hissələrinin ticarəti ilə məşğul olmağı təklif edib. Bu ideyanın İsrail kəşfiyyatına ötürüldüyü və zəruri materialların ‘‘Mossad’’ tərəfindən təmin edildiyi bildirilir.
Səlahiyyətlilərin məlumatına görə, dron satışı ilə bağlı danışıqlar aparılan Məhəmməd Zouari 2016-cı ilin dekabrında Tunisdə öldürülüb.Bu əməliyyatın İsrail tərəfindən həyata keçirildiyi bildirilir.
İddialara əsasən, əməliyyat təhlükəsizliyini təmin etmək məqsədilə İsrail kəşfiyyatı Deryaya şifrələnmiş rabitə vasitələri təqdim edib və onu iki dəfə yalan detektoru testindən keçirib. Bu testlərdən biri 2016-cı ildə Asiya ölkələrindən birində, digəri isə 2024-cü ilin avqustunda Avropada yerləşən bir oteldə aparılıb. Bildirilir ki, Derya hər iki testdən uğurla keçdikdən sonra daha yüksək əməliyyat səviyyəsinə yüksəldilib.
Ekspertlər həmçinin qeyd ediblər ki, şübhəlilər Türkiyədən və digər ölkələrdən əldə edilən SİM kartlar, modemlər və routerlərlə bağlı seriya nömrələri, MAC ünvanları və digər texniki xüsusiyyətləri əks etdirən məlumatları toplayaraq fotoşəkil şəklində ötürüblər.
















