Respublikaçı konqresmen Mayk Törner NATO sammitindəki danışıqların Türkiyənin F-35 proqramına yenidən daxil edilməsi istiqamətində irəliləyiş siqnalı verdiyini bildirərək, bu addımı NATO müttəfiqi üçün "son dərəcə mühüm" kimi qiymətləndirib.
Amerikalı konqresmen 7-8 iyul tarixlərində Ankarada keçirilən NATO sammiti çərçivəsində aparılan danışıqlardan sonra Türkiyənin F-35 qırıcı təyyarə proqramına mümkün qayıdışı ilə bağlı müzakirələri "çox ümidverici" adlandırıb.
Respublikaçılar Partiyasından Nümayəndələr Palatasının üzvü Mayk Törner iyulun 12-də verdiyi açıqlamada danışıqlarda iştirak edən qanunvericilərin eşitdiklərini ictimaiyyətə "həvəsləndirici" kimi təqdim edə biləcəkləri barədə razılığa gəldiklərini söyləyib.
Türk rəsmilərinin ABŞ Konqresinin üzvlərinə nə dediyinə dair təfərrüatları açıqlamaqdan imtina edən Törner müvafiq qanun layihəsinin əsas müəlliflərindən biri olan demokrat senator Cinn Şahin ilə də oxşar mövqedə olduqlarını qeyd edib. O bildirib ki, hər iki tərəf eşitdiklərinin son dərəcə ümidverici olduğunu ictimaiyyətə bəyan etmək barədə həmfikirdir.
Törner Türkiyənin F-35 proqramına yenidən qəbul edilməsini “son dərəcə mühüm” kimi xarakterizə edərək bu ifadələri işlədib: “Türkiyə NATO üzvüdür, çox güclü bir NATO üzvüdür; sammitə də qısa müddət əvvəl, təbii ki, kifayət qədər uğurlu şəkildə ev sahibliyi etdilər. Ümid edirəm ki, onlar öhdəliklərini yerinə yetirəcəklər və bunu özlərini proqrama geri qaytaracaq şəkildə edəcəklər”.
Törner, həmçinin Türkiyənin beşinci nəsil qırıcı təyyarələrin hissələrinin istehsalındakı əvvəlki roluna da diqqət çəkərək, “Türklər eyni zamanda F-35 üçün hissələr hazırlayan bir istehsalçı idi. Bu səbəbdən onların yenidən istehsala qoşulması çox, çox mühüm olardı”, - deyə vurğulayıb.


















