Avropa İttifaqı (Aİ) Komissiyası Ukraynanın təcili hərbi ehtiyaclarına yönəlmiş yeni maliyyə dəstəyi ilə bağlı bəyanat yayımlayıb.
Bəyanatda 90 milyard avroluq Ukraynaya dəstək kreditinin müdafiə komponenti çərçivəsində Ukraynaya 2,86 milyard avronun köçürüldüyü bildirilib.
Sözügedən vəsaitin PUA, hava hücumundan müdafiə sistemi, raket, radar, elektron mübarizə sistemi və döyüş sursatının tədarükündə istifadə olunacağı vurğulanıb. Bəyanatda bildirilib ki, müdafiə avadanlıqlarının təcili olaraq təhvil verilməsi Ukrayna ordusunun mülki əhalini və şəhərləri Rusiyanın hücumlarından qorumasına töhfə verəcək.
Açıqlamada 2026–2027-ci illəri əhatə edən Ukrayna kreditinin təxminən 60 milyard avrosunun müdafiəyə, 30 milyard avrosunun isə büdcə dəstəyinə ayrıldığı xatırladılıb.
Bu il Ukraynanın müdafiə sənayesi potensialını dəstəkləmək məqsədilə ümumilikdə 28,3 milyard avroluq ödənişin edilməsinin planlaşdırıldığı qeyd olunub. Müdafiə komponenti çərçivəsindəki ödənişlər önümüzdəki həftələrdə də davam edəcək.
Bəyanatda həmçinin Aİ və üzv ölkələrin Rusiya ilə müharibənin başladığı 2022-ci ildən bəri Ukraynaya ümumilikdə 231,5 milyard avroluq dəstək verdiyi vurğulanıb.




















