Müctəba Xamenei uzun müddətdir İran siyasətində ən nüfuzlu, lakin ən az görünən ruhanilərdən biri hesab olunur. O, atasının ABŞ-İsrail hava hücumunda həlak olmasından sonra ölkənin yeni ali rəhbəri təyin edildi.
56 yaşlı din xadim, konstitusiyaya görə ölkənin ən yüksək siyasi və dini hakimiyyətini müəyyən etməkdən məsul olan 88 üzvlü Ekspertlər Şurası tərəfindən seçildi.
Bu təyinatla Müctəba 1979-cu il İslam İnqilabından bəri İranın üçüncü ali lideri oldu. O, vəzifəsinin icrasına regional münaqişələrin kəskinləşdiyi və daxili qeyri-müəyyənliyin hökm sürdüyü bir dövrdə başlayır.
Uşaqlıq və ailə tarixi
Müctəba 8 sentyabr 1969-cu ildə ölkənin şimal-şərqindəki əsas dini mərkəz sayılan Məşhəd şəhərində anadan olub. O, bir həftə əvvəl ABŞ-İsrail hava hücumlarında öldürülən Əli Xameneinin ikinci oğlu və ruhani Cavad Xameneinin nəvəsidir.
Siyasi cəhətdən gərgin bir mühitdə böyüyən Müctəba atasının ölkənin əsas siyasi fiqurlarından birinə çevrilməsinin və prezidentlikdən sonra Ali Rəhbər vəzifəsini öz üzərinə götürməsinin canlı şahidi oldu.
Müctəba mühafizəkar siyasətçi və parlamentin keçmiş spikeri Qulam-Əli Həddad-Adelin qızı Zəhra Həddad-Adel ilə evlənib. Zəhra da Tehranda Xamenei ailəsinin yaşadığı ərazini hədəf alan ABŞ-İsrail hücumunda həlak olanlar arasındadır. Müctəba hücumdan sağ çıxsa da, bu hadisədə anasını, bacısını, qayınını və qardaşı oğullarını itirdi.
Təhsil və dini təlim
Bir çox İran ruhanisi kimi Müctəba da dini təhsilini şiə ilahiyyatının mərkəzi olan Qum şəhərində alıb. İranlı analitiklərin fikrincə, o, karyerasının böyük bir hissəsini Qum mədrəsələrində, o cümlədən dini təhsilin ən yüksək səviyyəsi sayılan "dərs-e kharej" (qabaqcıl İslam hüququ) kurslarında dərs deməklə keçirib.
Müctəba heç vaxt seçkilərdə iştirak etməsə də, onilliklər ərzində atasının yaxın çevrəsindəki ən nüfuzlu şəxslərdən biri hesab olunub və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə dərin əlaqələrini qoruyub saxlayıb.
Rolu və təsiri
Beynəlxalq media Müctəba Xameneini tez-tez pərdəarxası idarəetməyə sahib, qapalı bir fiqur kimi təsvir edir. Onun ictimaiyyət qarşısında az görünməsi bu təəssüratı daha da gücləndirir; o, genişmiqyaslı çıxışlar, müsahibələr və ya siyasi bəyanatlarla tanınmayıb.
Müctəbanın adı İranın daxili siyasi müzakirələrində adətən prezident seçkiləri və namizədlərə verdiyi gizli dəstəklə bağlı hallanıb.
Onun rəsmi çıxışları isə əsasən dövlət mərasimləri və dini toplantılarla məhdudlaşıb. O, sonuncu dəfə genişmiqyaslı etirazlardan sonra keçirilən hökumətyönlü mitinqdə görülüb.
İran mənbələrinə görə, Müctəba 1980-ci illərin sonunda, atasının prezidentliyi dövründə könüllü olaraq İran-İraq müharibəsində də iştirak edib.
Varislik təhdidi
Müctəba Xamenei müasir İran tarixinin ən mürəkkəb dövründə hakimiyyətə gəlir.
Bu keçid həm də İsrailin birbaşa hədələri altında baş verir. İsrailin müdafiə naziri İsrael Katz "X" platformasında bildirib ki, İran rejimi tərəfindən seçilən hər bir lider, adından və harada gizlənməsindən asılı olmayaraq, sui-qəsd hədəfi olacaq. İsrailin müdafiə naziri İsrael Katz “X” platformasında bildirib ki, "İran terrorçu rejimi tərəfindən İsraili məhv etmək, ABŞ-yə azad dünyaya və regiondakı ölkələrə təhlükə yaratmaq və İran xalqına zülm etmək planını davam etdirmək üçün seçilən hər hansı bir lider, adından və harada gizləndiklərindən asılı olmayaraq, mütləq sui-qəsd hədəfi olacaq".
Bu təhdidlər Müctəba Xameneinin varislik prosesinin nə dərəcədə ağır təzyiqlər altında keçdiyini və onun regiondakı geniş geosiyasi münaqişənin tam mərkəzində yer aldığını göstərir.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi hələ 2019-cu ildə Müctəba Xameneiyə qarşı sanksiyalar tətbiq etmişdi.











