ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Qrenlandiyadakı "Rusiya təhlükəsi"ni aradan qaldırmaq məqsədilə qətiyyətli addımlar atacağını bəyan edib. "Truth Social" platformasında paylaşım edən Tramp NATO-nun 20 ildir Danimarkaya xəbərdarlıq etməsinə baxmayaraq, rəsmi Kopenhagenin bu təhlükəni uzaqlaşdırmaq üçün heç bir tədbir görmədiyini bildirib. "İndi bunun vaxtıdır və lazım olan addımlar atılacaq" deyən ABŞ lideri Danimarkanın tabeliyində olan muxtar bölgəni – Qrenlandiyanı əldə etmək niyyətində israrlı olduğunu bir daha nümayiş etdirib. Lakin həm Danimarka, həm də Qrenlandiya rəhbərliyi adanın satılmadığını və ABŞ-ın bir hissəsi olmaq istəmədiklərini dəfələrlə vurğulayıblar.
Yanvarın 18-də Donald Tramp ilə NATO-nun baş katibi Mark Rutte arasında baş tutan telefon danışığında Qrenlandiya və Arktika bölgəsindəki təhlükəsizlik vəziyyəti müzakirə olunub. Mark Rutte bu mövzu üzərində işləməyə davam edəcəklərini bildirib və bu həftə Trampı Davosda görməyi səbirsizliklə gözlədiyini qeyd edib.
Donald Tramp yanvarın 17-də fevralın 1-dən etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Hollandiya və Finlandiyadan idxal olunan mallara 10 faiz tarif tətbiq ediləcəyini, iyun ayına qədər isə bu nisbətin 25 faizə qaldırılacağını bəyan edib. Tramp bu qərarı həmin ölkələrin ABŞ-ın Qrenlandiya üzərində nəzarətinə qarşı çıxması ilə əsaslandırıb.
Buna cavab olaraq, sözügedən ölkələr ABŞ-ın təhdidlərini pisləyən və Arktika təhlükəsizliyinə sadiqliklərini təsdiqləyən birgə bəyanat yayıblar.
Kreml isə Qrenlandiyanın Danimarka ərazisi kimi hüquqi statusunu tanıdığını bildirsə də, adadakı mövcud vəziyyəti "mübahisəli" adlandırıb. Qrenlandiya strateji mövqeyi və zəngin mineral ehtiyatları ilə ABŞ-ın diqqət mərkəzindədir.











