DÜNYA
1 dəqiqə oxuma
BMT TŞ Livanda sülhməramlı qüvvələrin hədəf alınmasını pisləyib
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Livanda sülhməramlı qüvvələrə qarşı həyata keçirilən və bir nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən hücumu ən sərt şəkildə pisləyib
BMT TŞ Livanda sülhməramlı qüvvələrin hədəf alınmasını pisləyib
BMT TŞ Livanda sülhməramlı qüvvələrin hədəf alınmasını pisləyib / Reuters

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Livanda sülhməramlı qüvvələrə qarşı həyata keçirilən və bir nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən hücumu ən sərt şəkildə pisləyib. Aprelin 20-də yayımlanan bəyanatda Şura üzvləri BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinə (UNIFIL) tam dəstəklərini ifadə edərək, sülhməramlıların heç bir halda hərbi hədəfə çevrilməməli olduğunu vurğulayıblar.

BMT TŞ münaqişə tərəflərini beynəlxalq hüquq normalarına uyğun olaraq UNIFIL personalının və obyektlərinin təhlükəsizliyini təmin etməyə, həmçinin missiyanın hərəkət azadlığını qorumağa çağırıb. Şura həmçinin baş vermiş insidentin dərhal araşdırılmasını və məsul şəxslərin gecikmədən məsuliyyətə cəlb edilməsini tələb edib.

Xatırladaq ki aprelin 18-də Livanın Qanduriya kəndi yaxınlığındakı mövqelərə "qeyri-dövlət aktorları" tərəfindən yüngül silahlardan atəş açılması nəticəsində bir fransız əsgəri həlak olub, üçü isə yaralanıb. UNIFIL rəhbərliyi faktla bağlı genişmiqyaslı istintaqın başladığını elan edib.

‘‘Hizbullah’’ hərəkatı hücumda hər hansı iştirakı olduğunu rədd edərək, onlara qarşı yönələn ittihamları əsassız adlandırıb. Təşkilat tərəfindən yayımlanan açıqlamada bəzi tərəflərin İsrailin sülhməramlılara qarşı hücumlarına səssiz qaldığı bildirilib.