TÜRKİYƏ
2 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan Ailə, Mədəniyyət və İncəsənət Simpoziumunda çıxış edib
Ərdoğan deyib: “Gender neytrallığı və LGBT kimi hərəkatların yaratdığı təzyiqlərə qarşı bütün lazımi tədbirləri görürük. Bu məsələdə heç bir güzəştə, laqeydliyə və ya arxayınlığa yol vermirik’’
Rəcəb Tayyib Ərdoğan Ailə, Mədəniyyət və İncəsənət Simpoziumunda çıxış edib
Rəcəb Tayyib Ərdoğan Ailə, Mədəniyyət və İncəsənət Simpoziumunda çıxış edib / AA
21 noyabr 2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 20-də Ankarada keçirilən Ailə, Mədəniyyət və İncəsənət Simpoziumunda çıxış edərək ailə institutunun üzləşdiyi çətinliklərə diqqət çəkib.

Ərdoğan deyib: “Gender neytrallığı və LGBT kimi hərəkatların yaratdığı təzyiqlərə qarşı bütün lazımi tədbirləri görürük. Bu məsələdə heç bir güzəştə, laqeydliyə və ya arxayınlığa yol vermirik’’.

Prezident qeyd edib ki, qlobal kapitalizmin yeni cəbhələr yaratdığı, mədəni imperializmin və rəqəmsal mühasirənin gücləndiyi bir dövrdə Türkiyə ailə institutunu praktiki olaraq qorumağa çalışır.

Ölkənin ümumi doğum nisbətinin ötən il 1,48-ə düşdüyünü xatırladan R.T.Ərdoğan demoqrafik böhranla bağlı xəbərdarlıq edərək deyib:
“Hazırda ciddi bir fəlakətlə üz-üzəyik. Gələcəyimiz üçün həyəcan təbilləri çalır. Bu ölkənin gələcəyi ilə maraqlanan heç kəs buna laqeyd qala bilməz’’.

Prezident İstanbulda may ayında keçirilən Beynəlxalq Ailə Forumunda etdiyi çıxışda 2026–2035-ci illərin “Ailə və Əhali Onilliyi” elan ediləcəyini bildirmişdi

R.T.Ərdoğan fərdi rahatlığı ailə və sosial bağlardan üstün tutan müasir həyat tərzini tənqid edərək deyib: “Modernləşməni ailəsizlik və tənhalığa əsaslanan bir yanaşma kimi təqdim etmək nə fərdi, nə də cəmiyyəti xoşbəxt edə bilər. Şəxsi rahatlığa üstünlük verən bu həyat tərzi isə, təəssüf ki, gənclərdən başlayaraq cəmiyyətin ən ucqar təbəqələrinə qədər yayılır’’.

Məlumata əsasən, bir çox ölkə LGBT-yə qarşı müxtəlif tədbirlər görüb.
Rusiya 2023-cü ildə “beynəlxalq LGBT hərəkatı’’nı qadağan edib.

Macarıstan, Bolqarıstan, Argentina, İndoneziya və Gürcüstan ailə dəyərlərini LGBT təsirindən qorumağa yönəlik addımlar atıblar.

Eyni zamanda, 30-dan çox Afrika ölkəsi, 22 Asiya ölkəsi, altı Amerika və altı Okeaniya ölkəsi gender neytrallığına qarşı sərt tədbirlər qəbul edib.