ŞƏRHLƏR
3 dəqiqə oxuma
Donald Trampın Asiya turu
ABŞ prezidenti Donald Trampın ilk böyük Asiya səfəri çərçivəsində bölgədəki müttəfiqlərlə danışıqlar aparması planlaşdırılır
Donald Trampın Asiya turu
Donald Trampın Asiya turu
23 oktyabr 2025

ABŞ prezidenti Donald Tramp bu həftə Asiyaya genişmiqyaslı bir səfər həyata keçirməyə hazırlaşır. Qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edən Çin Xalq Respublikası (ÇXR) sədri Si Cinpinlə gözlənilən görüş dünya mediasının diqqət mərkəzindədir.

Prezident D.Tramp oktyabrın 22-də etdiyi açıqlamada Malayziya, Yaponiya və Cənubi Koreyanı əhatə edən böyük bir səfərə çıxacağını bildirib. Bu, onun ikinci dəfə prezident seçilməsindən sonra gömrük rüsumları və geosiyasi gərginliklər ərəfəsindəki ilk Asiya səfəri olacaq.

Səfərin təfərrüatları hələlik tam məlum deyil. Ağ Ev məsələ ilə bağlı demək olar ki, heç bir açıqlama verməyib. D.Tramp isə Cənubi Koreyada Si Cinpin ilə planlaşdırdığı görüşün mövcud gərginliklər səbəbilə “bəlkə də baş tutmaya biləcəyini” qeyd edib.

Buna baxmayaraq, D.Tramp dünyanın iki ən böyük iqtisadiyyatı arasında dağıdıcı ticarət müharibəsinə son qoymaq və Çinlə “yaxşı bir razılaşma” əldə etmək niyyətində olduğunu açıq şəkildə bildirib.

Ev sahibi ölkələr isə 79 yaşlı ABŞ prezidentini ən yüksək səviyyədə qarşılayaraq, rüsumlar və təhlükəsizlik yardımları ilə bağlı ən əlverişli razılaşmalar əldə etməyə çalışırlar.

 

D.Trampın Malayziya və Yaponiya səfəri

ABŞ prezidenti D.Trampın ilk dayanacağı Malayziya olacaq. O, 26–28 oktyabr tarixlərində keçiriləcək Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammitində iştirak edəcək. Qeyd edək ki, D.Tramp birinci prezidentlik dövründə bu toplantıya bir neçə dəfə qatılmamışdı.

D.Trampın Malayziya ilə ticarət sazişi imzalaması gözlənilir. Lakin səfərin əsas məqamlarından biri onun Tailand və Kamboca arasında imzalanacaq sülh razılaşmasının şahidi olması olacaq. Bu barədə Malayziyanın baş naziri Ənvər İbrahim oktyabrın 22-də verdiyi açıqlamada bildirib.

Açıqlamada deyilir: “Prezident D.Tramp Tailand və Kamboca arasında aparılan sülh danışıqlarının müsbət nəticələr verməsindən məmnun qalacaq”.

ABŞ liderinin sammit çərçivəsində Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə də görüşərək, aylarla davam edən gərginlikdən sonra münasibətləri normallaşdırması gözlənilir.

Bundan sonra D.Trampın növbəti dayanacağı Yaponiya olacaq. Burada o, bu həftə ölkənin ilk qadın Baş naziri seçilən Sanae Takaiçi ilə görüşəcək.

Qeyd edək ki, Yaponiya dövləti D.Trampın “ABŞ-ı talan edir” kimi dəyərləndirdiyi ticarət balanssızlıqlarına qarşı tətbiq etdiyi sərt rüsumların bir çoxundan yayınmağı bacaran nadir ölkələrdən biridir.

Eyni zamanda D.Tramp Yaponiyadan Rusiya enerji idxalını dayandırmasını tələb edir və Tokio rəhbərliyini müdafiə xərclərini artırmaqla Qərb müttəfiqləri ilə eyni xətt üzrə olmağa çağırır.

 

Cənubi Koreya səfəri

Səfərin zirvə nöqtəsi kimi təqdim edilən məqam D.Trampın 29 oktyabrda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti üçün Cənubi Koreyaya səfər etməsi və burada ÇXR sədri Si Cinpinlə görüş keçirməsidir.

Xatırladaq ki, D.Trampın yenidən hakimiyyətə qayıdışından sonra iki lider arasında baş tutacaq ilk üz-üzə görüş rəsmi Vaşinqton və Pekin rəhbərliyi arasındakı ticarət gərginliyini yumşalda bilər. Lakin rəsmi Pekinin nadir metalların ixracına qoyduğu məhdudiyyətlər D.Trampı narazı salıb.

Bildirilir ki, D.Tramp daha əvvəl ÇXR hökumətini görüşü ləğv etməklə hədələmiş və yeni rüsumlar tətbiq edəcəyini açıqlamışdı. Ancvaq sonradan yenə də görüşə qatılacağını bildirdi. Lakin bu həftə “bəlkə də baş tutmaya bilər” deyərək yenidən qeyri-müəyyənlik yaratdı.

Amerika prezidenti oktyabrın 22-də etdiyi çıxışda Si Cinpin ilə “bütün məsələlərdə” razılığa gəlməyi arzuladığını, həmçinin ÇXR sədrinin Rusiya prezidenti Vladimir Putini Ukrayna müharibəsini bitirməyə razı salmaqda “böyük rol” oynaya biləcəyini vurğulayıb.

Analitiklər isə bu görüşdən ciddi nəticələr gözləmədiklərini bildiriblər. Brukinqs İnstitutunun baş tədqiqatçısı Rayan Has hesab edir ki, bu görüş münasibətlərdə dönüş nöqtəsi yox, mövcud prosesin davamı olacaq.

Cənubi Koreya hökumətinin isə D.Trampı ölkənin ən yüksək dövlət ordeni olan “Muqunhva” ordeni ilə təltif etməyi nəzərdən keçirdiyi bildirilir.

Səfər zamanı Şimali Koreya məsələsinin də gündəmdə olacağı gözlənilir.

Qeyd edək ki, D.Trampın səfərindən bir neçə gün qabaq, oktyabrın 22-də Şimali Koreya bir neçə ballistik raket sınağı keçirib.

Dövlət rəhbəri D.Tramp birinci prezidentlik dövründə dəfələrlə görüşdüyü Şimali Koreya lideri Kim Çen Inla yenidən bir araya gəlmək istədiyini söyləyib. Lakin Ağ Ev hələlik yeni bir görüş planlaşdırıldığına dair məlumatları təsdiqləməyib.

MƏNBƏ:TRT
Araşdırma
BMT 14 milyon insanın aclıq tәhlükәsi ilә üzlәşә bilәcәyi barәdә xәbәrdarlıq edib
Bölünmüş Sudan: nə üçün paralel hökumət dalana dirənmiş müharibədən daha təhlükəlidir?
Azərbaycan, Ermənistan və Cənubi Qafqazda sülhə gedən yol
Aİ-nin Türkiyə vətəndaşları üçün yeni viza qərarı: əsl islahat, yoxsa simvolik jest?
Leroy Sane "Qalatasaray"a transfer oldu
Atəşkəs xəttində: İran-İsrail münaqişəsinin qarışıqlığında Körfəz ölkələri necə hərəkət edəcək?
Ağ Evin qarşısında keçirilən nümayişdən bəzi şəkillər
Türkiyə qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində böyümənin parlaq nümunəsi kimi seçilir
İranla münaqişə gündəmdə olsa da, İsrail Qəzzada fələstinliləri öldürməyə və əlil etməyə davam edir
İsrail-İran gərginliyi və Hörmüz boğazı
İtaliyalılar vətəndaşlıq və iş müdafiəsi üçün referendumlara gedir
Türkiyədə Ukrayna-Rusiya sülh danışıqları: indiyədək bizə məlum olanlar
"Sülh üçün nüvə silahlarından" İstanbul danışıqlarına qədər İranın nüvə proqramı xronologiyası
Hərbi ekspertlər Pakistanla Hindistan arasında gedən hava döyüşünü diqqətlə izləyir
Osmanlı imperiyasının Britanya imperiyasına meydan oxuduğu Qut-ül Amarə müharibəsi
Süni intellektin insan mənşəyi ilə bağlı ayrı-seçkilik etməsi geniş tənqidlərə səbəb olub
Qlobal böhran şəraitində kosmosa getmək necə tamaşaya çevrilir?
“İsrail və digər hərbi cinayətkarlar” dünya məhkəmələrində mühakimə olunacaqlar
Trampın miqrasiya siyasətini yenidən formalaşdıra biləcək 225 illik qanun
Trampın mümkün bir müqavilə təklifi qarşısında İranın cavabı nə olacaq?