2026-cı il FIFA Dünya Kubokuna hazırlıqlarının son mərhələsinə qədəm qoyan Türkiyə milli futbol komandası turnirin keçiriləcəyi ABŞ-a çatıb. Florida ştatının Fort-Loderdeyl şəhərində "Ay-ulduzlular"ı Türkiyənin ABŞ-dakı səfiri Sedat Önal və baş konsul Rəsul Şahinol qarşılayıblar. Turnir öncəsi bütün diqqətini hazırlıqlara yönəldən komanda son sınaq oyununda Venesuela yığması ilə qüvvəsini sınayacaq.
Baş məşqçi Vinçenzo Montellanın rəhbərlik etdiyi Türkiyə millisi 2002-ci ildən bəri ilk dəfə Dünya Kubokunun final mərhələsində mübarizə aparacaq. Komanda turnirə kapitan Hakan Çalhanoğlu, Arda Gülər və Kənan Yıldız kimi ulduz futbolçuların yer aldığı güclü heyətlə qatılır. Venesuelaya qarşı keçiriləcək yoldaşlıq görüşündən sonra komanda Arizona ştatının Mesa şəhərində təlim-məşq toplanışına başlayacaq.
D qrupunda yer alan Türkiyə millisi turnirdəki ilk oyununda Avstraliya ilə üzləşəcək. "Ay-ulduzlular" qrupdan çıxmaq uğrunda, həmçinin Paraqvay və turnirin ev sahiblərindən biri olan ABŞ yığması ilə mübarizə aparacaq.
Qeyd edək ki, Dünya Kuboku turniri 11 iyun - 19 iyul tarixləri arasında keçiriləcək.

















