DÜNYA
2 dəqiqə oxuma
Tayvan Çinin Sarı dənizdə artan hərbi fəaliyyətindən narahatlığını bildirib
Tayvan bildirib ki, Çin Sarı dənizdən Cənubi Çin dənizinə qədər yüzlərlə kilometr ərazidə “hərbi əməliyyatlar” üçün gəmilər yerləşdirib və bu addım region üçün ciddi “təhdid” yaradır
Tayvan Çinin Sarı dənizdə artan hərbi fəaliyyətindən narahatlığını bildirib
Tayvan Çinin Sarı dənizdə artan hərbi fəaliyyətindən narahatlığını bildirib / AP
5 dekabr 2025

Tayvan bildirib ki, Çin Sarı dənizdən Cənubi Çin dənizinə qədər yüzlərlə kilometr ərazidə “hərbi əməliyyatlar” üçün gəmilər yerləşdirib və bu addım region üçün ciddi “təhdid” yaradır.

Tayvanı öz ərazisi hesab edən Pekin bu manevrlərlə bağlı açıqlama verməyib.

Tayvan Prezident Aparatının sözçüsü Karen Kuo jurnalistlərə bildirib ki, Tayvanın müdafiə nazirliyi və digər təhlükəsizlik qurumları Çinin fəaliyyətini yaxından izləyir və vəziyyətə tam nəzarət edir. O, Çinin bölgəyə neçə gəmi yerləşdirdiyini açıqlamayıb, lakin adının çəkilməsini istəməyən təhlükəsizlik mənbəyi bu sayın “çox böyük” olduğunu deyib.

Kuo qeyd edib ki, əməliyyatlar yalnız Tayvan boğazı ilə məhdudlaşmır və Sarı dənizin cənub hissəsindən Şərqi Çin dənizinə, oradan Cənubi Çin dənizinə və hətta Qərbi Sakit Okeana qədər uzanır.

“Bu, həqiqətən də Hind–Sakit okean regionu üçün təhlükə yaradır və ciddi təsir göstərir”, – deyə Kuo vurğulayıb. O, Tayvanın Çini təmkinli olmağa çağırdığını bildirib.

“Əminik ki, bu vəziyyəti yaxşı idarə edə bilərik’’,-deyə Karen Kuo vurğulayıb.

Çinin silahlı qüvvələri və dövlət mediası Tayvanın iddia etdiyi bölgədə hərbi fəaliyyətin artıb-artmadığı barədə şərh verməyib.

Pekin Müdafiə Nazirliyinin sözçüsü Jianq Bin dekabrın 5-də verdiyi açıqlamada Çin donanmasının açıq dəniz təlimlərinin beynəlxalq qanunlara uyğun olduğunu və bu fəaliyyətlərin heç bir konkret ölkəyə yönəlmədiyini bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü isə Pekinin müdafiə siyasətini qətiyyətlə davam etdirdiyini vurğulayaraq müvafiq tərəfləri həddindən artıq reaksiya verməməyə və əsassız, şişirdilmiş bəyanatlar səsləndirməməyə çağırıb.

Pekin Tayvanı ələ keçirmək üçün güc tətbiqi ehtimalını rəsmi olaraq istisna etmir və Cənubi Çin dənizinin demək olar ki, tamamı üzərində suverenlik iddiasını davam etdirir.

Tayvanın kəşfiyyat rəisi Tsai Ming-yen bildirib ki, oktyabr–dekabr dövrü Çinin “illik qiymətləndirmə təlimləri”nin ən intensiv vaxtıdır. O, Çin Kommunist Partiyasının adi hərbi fəaliyyətlərini Tayvanı hədəfləyən təlimlərə çevirə biləcəyi ehtimalını xüsusi vurğulayıb.

ABŞ Tayvanın əsas təhlükəsizlik tərəfdaşıdır. Lakin Prezident Donald Tramp administrasiyası cümə günü yayımladığı sənəddə siyasətdə mümkün dəyişiklik siqnalı verərək bildirib ki, Asiyadakı müttəfiqlər – Yaponiya və Cənubi Koreya – regionun müdafiəsi üzrə daha böyük məsuliyyət daşımalıdır.