TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə dövləti H.Fidan haqqındakı iddiaları təkzib etdi
Türkiyənin Azərbaycandakı Səfirliyi Hakan Fidanın Azərbaycana səfəri ilə bağlı bəzi iddiaların əsassız olduğunu bildirib
Türkiyə dövləti H.Fidan haqqındakı iddiaları təkzib etdi
Xarici işlər naziri Hakan Fidan (AA) (ARXİV) / aa

Türkiyənin Azərbaycandakı Səfirliyi Xarici İşlər Naziri Hakan Fidanın Azərbaycana səfəri zamanı gizli görüş keçirdiyinə dair bəzi xəbərlərdə yer alan iddiaların əsassız olduğunu bildirib.

Səfirlikdən verilən açıqlamada sözügedən xəbərin Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə xələl gətirməyi hədəfləyən dairələrin dezinformasiya cəhdlərindən ibarət olduğu qeyd edilib.

Açıqlamada başda "Qafqazinfo" olmaqla bəzi xəbər orqanlarında dərc edilən "Hakan Fidanın QYF-dəki görüşünün pərdəarxası" başlıqlı xəbərin əsassız iddialara əsaslandığı diqqətə çatdırılıb.

Sözügedən nəşrin Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrə zərər vurmağı məqsəd qoyan dairələrin dezinformasiya cəhdlərindən ibarət olduğu bildirilən açıqlamada, H.Fidanın Bakı səfəri zamanı çox sayda şəxslə nəzakət məqsədli fotoşəkil çəkdirdiyi vurğulanıb. Bu şəxslər arasında Azərbaycanda qanuni statusa malik bir qurumun mənsublarının da yer aldığı qeyd olunub.

Açıqlamada "Hörmətli Nazirimizin gizli bir görüş keçirdiyi və müxtəlif tapşırıqlar verdiyi barədə iddialar qətiyyən doğru deyildir" ifadəsi işlədilib.

Ayrıca açıqlamada Türkiyə Böyük Millət Məclisinə yazıldığı iddia edilən bir məktub üzərindən həqiqətlə heç bir əlaqəsi olmayan böhtanların atıldığı bildirilib. İrəli sürülən belə bir məktubun ümumiyyətlə mövcud olmadığına diqqət çəkilib.

Xəbərdə yer alan "daxili işlərə müdaxilə planları", "kəşfiyyat əməliyyatları", "dövlət çevrilişi və xaos planları", eləcə də "agent yetişdirmək" ifadələrinin Azərbaycan xalqını Türkiyəyə qarşı qızışdırmağı hədəfləyən qərəzli yalanlar olduğu vurğulanıb.

Açıqlamada Azərbaycan və Türkiyə ictimaiyyətinə sözügedən böhtanlara və həqiqətlə əlaqəsi olmayan manipulyativ iddialara etibar etməmələri ilə bağlı çağırış edilib.

Qeyd edək ki, "Qafqazinfo" xəbər saytında H.Fidanın Bakı səfəri çərçivəsində türkiyəli xeyriyyəçilər tərəfindən təsis edilmiş bir fondu ziyarət edərək orada gizli görüş keçirdiyi və bir sıra tapşırıqlar verdiyi iddia olunmuşdu. Sözügedən xəbər daha sonra saytdan silinib.

Xatırladaq ki, Türkiyə Xarici İşlər Naziri Hakan Fidan oktyabrın 15-də Bakıya etdiyi səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xarici İşlər Naziri Ceyhun Bayramov ilə görüş keçirib.

MƏNBƏ:TRT