“Axios” nəşrinin əldə etdiyi məktuba əsasən, 40-dan çox demokrat senator ABŞ prezidenti Donald Trampı İsrailin işğal olunmuş İordan çayının qərb sahilinin bəzi hissələrini ilhaq etmək cəhdlərinə qarşı daha sərt mövqe tutmağa çağırıb.
Senator Adam Şiffin rəhbərlik etdiyi qanunvericilər Trampın ilhaqı rədd edən son bəyanatlarını alqışlasalar da, administrasiyanı iki dövlətli həllin həyata keçirilməsini və ‘‘İbrahim razılaşmaları’’nın uğurunu təmin edəcək addımları təşviq etməyə çağırıblar.
Məktubda bu ifadələrə yer verilib:“Qəzza ilə bağlı planınız İordan çayının qərb sahilini əhatə etmədiyi üçün administrasiyanızın bu bəyanatları gücləndirməsi və ilhaqa qarşı olduğunu açıq şəkildə vurğulaması vacibdir’’.
Senatorlar bəyan ediblər ki, İsrailin işğal olunmuş əraziləri ilhaq etməyə cəhd göstərməsi iki dövlətli həllə əsaslanan danışıqlar yolu ilə davamlı sülhə nail olmaq perspektivlərini sarsıdacaq və bu addım Trampın “İbrahim razılaşmaları’’ çərçivəsində əldə etdiyi əvvəlki nailiyyətləri və onların genişləndirilməsi imkanlarını təhlükə altına atacaq.
Məktubda həmçinin deyilir: “Girovların azad olunması bizi sevindirsə də, Qəzzaya humanitar yardımın tez bir zamanda çatdırılması da həyati əhəmiyyət kəsb edir.” Sənəddə ABŞ-ın danışıqlar yolu ilə iki dövlətli həll perspektivini təhlükəyə atan hər hansı addımı qətiyyətlə rədd etməli olduğu xüsusi qeyd olunub.
İsrail 2023-cü ilin oktyabr ayından etibarən Şərqi Qüds də daxil olmaqla işğal altındakı İordan çayının qərb sahilində 1014-dən çox tikilini dağıdıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Qəzzada müharibə başlayandan bəri işğal altındakı İordan çayının qərb sahilində 1056-dan çox fələstinli həyatını itirib, təxminən 10.300 nəfər yaralanıb, 1600-ü uşaq olmaqla 20.000-dən çox insan həbs edilib.
2024-cü ilin iyul ayında Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Fələstin ərazilərini işğalını qanunsuz elan edərək, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdəki bütün yaşayış məntəqələrinin boşaldılması ilə bağlı çağırış edib.












