Türkiyənin 42-ci Birinci instansiya məhkəməsi ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyası (CHP) əleyhinə açılan işi 2025-ci il oktyabrın 24-ə qədər təxirə salıb.
Sentyabrın 15-də (bu gün) ertələnən iş CHP-nin 2023-cü ilin noyabrında keçirilən 38-ci Qurultayının hüquqi legitimliyini araşdırır. Həmin qurultayda Kamal Kılıçdaroğlunun yerinə Özgür Özel partiyanın yeni partiya sədri seçilmişdi.
Keçmiş Hatay bələdiyyə sədri Lütfü Savaş və bir qrup CHP nümayəndəsi tərəfindən irəli sürülən iddiada qurultay prosesində qanunsuzluqlar və səs alqı-satqısı ittihamlarının seçkilərə təsir etdiyi iddia olunur. İddianamədə Ö.Özelin yaxın əhatəsinin nümayəndələrə nağd pul şəklində təşviqlər və müxtəlif vədlər verdiyi qeyd edilir.
Qeyd edək ki, əgər məhkəmə qurultayın etibarsız olduğuna qərar verərsə, hazırkı partiya rəhbərliyi istefa verəcək və K.Kılıçdaroğlu ilə əvvəlki dövrün Partiya Məclisi üzvləri vəzifələrinə geri qayıdacaqlar.
Davam edən hüquqi və cinayət işləri
Ankara Baş Prokurorluğu İstanbulun sabiq bələdiyyə sədri Əkrəm İmamoğlu və daha 11 nəfər barəsində nümayəndələrə səs qarşılığında pul, mobil telefon və mənzil təklif edildiyi iddiaları ilə bağlı istindaqı tamamlayıb.
Prokurorluq təqsirləndirilən şəxsləri “səsverməni manipulyasiya etmək” ittihamı ilə bir ildən üç ilə qədər həbs cəzası tələb edərək məhkəməyə göndəriblər.
Özgür Özel də dolayı olaraq bu araşdırmaya daxil edilir. İddiaçılar səs alqı-satqısı və digər qanunsuzluqların məhz onun rəhbərlik dövründə baş verdiyini və qurultayın nəticələrinə təsir etdiyini irəli sürürlər.
Qurultayın legitimliyinin və mümkün hüquqi məsuliyyətlərin müəyyən olunması üçün hüquqi və cinayət işləri birlikdə davam etdirilir.









