Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Venesuelaya iki yük maşını humanitar yardım göndərib. Humanitar yardım La Quayradakı "Xose Mariya Varqas" stadionunda təşkil olunan rəsmi mərasimlə yerli rəsmilərə təhvil verilib.
Mərasimində Türkiyənin Venesueladakı səfiri Naci Aydan Karamanoğlu, La Quayra valisi Xose Alexandro Teran, TİKA-nın Boqota üzrə koordinatoru Əhməd Faruk Muştakoğlu, həmçinin Türkiyə Silahlı Qüvvələrinin humanitar yardım briqadasının komandiri, briqada generalı Mehmet Bahtiyar, AFAD və UMKE (Milli Tibbi Xilasetmə Qrupu) rəsmiləri iştirak ediblər.
Mərasimdə çıxış edən səfir Karamanoğlu TİKA tərəfindən bölgəyə 100 çadır, 200 çarpayı, mətbəx dəstləri və portativ sobalar gətirildiyini diqqətə çatdırıb. Dəstək missiyasının davamlı olacağını vurğulayan səfir Türkiyədən humanitar yardımla yüklənmiş daha iki təyyarənin iyulun 12-də Venesuelaya çatacağını vurğulayıb.
Qeyd edək ki, TİKA bundan əvvəl də bölgəyə axtarış-xilasetmə avadanlıqları, tibbi yardım ləvazimatları, həmçinin ərzaq və gigiyena dəstləri göndərmişdi.




















