Yunanıstan hökuməti 2026–2027-ci tədris ilində Qərbi Trakyadakı 8 türk ibtidai məktəbinin fəaliyyətini dayandırıb.
Qərbi Trakya Türk Azlığı Məsləhət Şurasının sədri və Ksanti müftisi Mustafa Trampa bu qərarı məktəblərin faktiki olaraq bağlanması və türk icmasının hüquqlarının pozulması kimi qiymətləndirib. O bildirib ki, məktəblərin bağlanması Lozanna müqaviləsinə və beynəlxalq hüquqa ziddir.
M. Trampa şagird sayının azlığının bəhanə edildiyini vurğulayaraq, Türkiyənin şagird sayı az olsa belə İstanbul və Gökçeadadakı yunan məktəblərinin fəaliyyətini dayandırmadığını xatırladıb.
O qeyd edib ki, kəndlərdə məktəblərin bağlanması uşaqların hər gün başqa yerlərə gedib-gəlməsinə səbəb olur. Bu da ailələr üçün həm maddi, həm də mənəvi çətinlik yaradır, kəndlərin mədəni mühitini təhlükəyə atır.
Ksanti Azlıq Məktəbinin Himayəçilər Şurasının rəhbəri Ozan Əhmədoğlu da türk məktəblərinin sayının sürətlə azaldığını diqqətə çatdırıb.
O, Yunanıstan Təhsil Nazirliyinin azlıqların muxtar statusunu nəzərə almadan ümumi qaydaları tətbiq etməsini tənqid edib.
Ozan Əhmədoğlu həmçinin Yunanıstanın problemlərin həlli üçün dialoqdan yayındığını və 30 ildir təhsilin keyfiyyətini artırmaq üçün edilən müraciətləri cavabsız qoyduğunu bildirib.
O. Əhmədoğlu uşaqların həm türk, həm də yunan dilində təhsil almaq hüququnun təmin olunmasını tələb edib.
"Biz bu məktəbləri təkcə təhsil ocağı kimi deyil, həm də kimliyimizi, mədəniyyətimizi və dəyərlərimizi qoruyan vacib bir qurum kimi görürük. Yunanıstan hökumətindən bu haqlı tələbimizə hörmətlə yanaşmasını istəyirik’’,-deyə Ozan Əhmədoğlu vurğulayıb.



















