Türkiyə və Kanada azad ticarət sazişinə yönəlmiş ilkin danışıqlara başlamaq barədə razılığa gəlib.
İki ölkənin ticarət nazirliklərindən verilən birgə bəyanatda bildirilib ki, Türkiyə və Kanada ticarət nazirləri Ömər Bolat və Maninder Sidhu iki ölkə arasındakı güclü və inkişaf edən iqtisadi tərəfdaşlığı irəli aparmaq üçün bir araya gəliblər.
Türkiyə tərəfinin bəyanatında deyilib: "Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan ilə Kanadanın Baş naziri cənab Mark Karni arasında yaxınlarda baş tutmuş telefon danışığına əsaslanan bu görüşlə nazirlər Türkiyə ilə Kanada arasındakı ticarət və investisiya əlaqələrinin daha da dərinləşdirilməsinə dair birgə qətiyyətlərini təsdiqləyiblər”.
Bəyanatda bu addımın hər iki ölkənin ticarət tərəfdaşlığının bütün potensialını üzə çıxarmaq arzusunu əks etdirdiyi ifadə olunub.
Açıqlamaya görə, nazirlər iki ölkə arasındakı əlaqəni gücləndirən, həmçinin sərnişinlər, müəssisələr və ixracatçılar üçün yeni imkanlar açan Hava Nəqliyyatı Sazişinin yaxınlarda genişləndirilməsini məmnuniyyətlə qarşılayıblar.
Bəyanatda "Təkmilləşdirilmiş hava nəqliyyatı əlaqələri ticari münasibətlərin daha da güclənməsinə töhfə verəcək və iqtisadiyyatlarımızı bir-birinə daha da yaxınlaşdıracaqdır" deyilib.















