Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib ki, Hələbdə YPG terror təşkilatına qarşı aparılan əməliyyatlar tamamilə Suriya Ordusu tərəfindən icra olunur və Ankara prosesləri yaxından izləyir.
Nazirliyin bu gün (8 yanvar 2026) yaydığı açıqlamada qeyd olunub ki, Suriyanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir və bölgədəki hadisələr diqqətlə izlənilir.
Açıqlamada bildirilib ki, Türkiyə Suriyanın birlik və ərazi bütövlüyü prinsipləri əsasında terror təşkilatlarına qarşı mübarizəsini dəstəkləyir və Dəməşq tələb edəcəyi təqdirdə lazımi dəstək göstəriləcək.
PKK terror təşkilatının Suriyadakı qolu olan YPG-nin SDF adı altında fəaliyyət göstərdiyi xatırladılıb.
Suriya mediasının məlumatına görə, SDF ardıcıl üçüncü gündür ki, Hələbin şimalında yerləşən yaşayış məhəllələrini artilleriya atəşinə tutur.
Mülki əhali hədəfdə
Məlumata görə, son hücumlar nəticəsində azı altı nəfər həlak olub, 39 nəfər yaralanıb. Suriya rəsmilərinin açıqlamasına əsasən, artilleriya atəşləri səbəbindən 3 mindən çox mülki şəxs evlərini tərk etmək məcburiyyətində qalıb.
Artan təhlükəsizlik riskləri fonunda Hələb vilayət rəhbərliyi şəhərdəki dövlət və özəl məktəblərdə, eləcə də universitetlərdə dərslərin dayandırılması müddətinin uzadıldığını elan edib.
Xatırladaq ki, 10 mart 2025-ci ildə Suriya prezident administrasiyası SDF-nin dövlət qurumlarına inteqrasiyasını nəzərdə tutan razılaşmanın imzalandığını, ölkənin ərazi bütövlüyünün bir daha təsdiqləndiyini və bölünmə təşəbbüslərinin rədd edildiyini açıqlamışdı.
Lakin Suriya rəsmiləri bildirirlər ki, həmin razılaşmadan sonra SDF tərəfindən öhdəliklərin yerinə yetirilməsi istiqamətində hər hansı real addım atılmayıb.
Qeyd edək ki, Suriya hökuməti 8 dekabr 2024-cü ildə 24 illik hakimiyyətdən sonra Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkə üzrə təhlükəsizliyin təmin olunması üçün tədbirləri gücləndirib.















