Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin xalqının öz taleyini təyin etmək, o cümlədən müstəqil Fələstin dövləti qurmaq hüququnu təsdiqləyən qətnamə qəbul edib.
Qətnamə 164 üzv dövlət tərəfindən dəstəklənib. İsrail, ABŞ, Mikroneziya, Argentina, Paraqvay, Papua Yeni Qvineya, Palau və Nauru sənədin əleyhinə səs verib.
Baş Assambleyanın gündəliyindəki “xalqların öz müqəddəratını təyin etmək hüququ” maddəsi çərçivəsində qəbul edilən qətnamə Fələstin xalqının öz siyasi statusunu sərbəst müəyyən etmək, eləcə də iqtisadi, sosial və mədəni inkişafını davam etdirmək hüququnu tanıyan BMT-nin uzunmüddətli mövqeyini bir daha təsdiqləyib.
Sənəddə BMT nizamnaməsinə, beynəlxalq insan hüquqları konvensiyalarına, əvvəlki BMT qətnamələrinə və digər beynəlxalq hüquqi sənədlərə istinad edilərək, öz müqəddəratını təyin etmək hüququnun beynəlxalq hüququn əsas prinsiplərindən biri olduğu vurğulanıb.
Qətnamədə bütün dövlətlərə, BMT-nin ixtisaslaşmış qurumlarına və digər BMT strukturlarına Fələstin xalqının bu hüququnun mümkün qədər tez həyata keçirilməsinə dəstək və yardım göstərməyə davam etmələri çağırışı yer alıb.
Eyni zamanda Şərqi Qüds də daxil olmaqla işğal olunmuş Fələstin ərazilərinin ərazi birliyinə, bütövlüyünə və davamlılığına hörmət edilməsinin vacibliyi qeyd olunub. Qətnamədə beynəlxalq hüquq və müvafiq BMT qətnamələri əsasında ədalətli, davamlı və hərtərəfli sülhün dəstəklənməsi bir daha vurğulanıb.







