BMT-nin Müstəqil Beynəlxalq Təhqiqat Komissiyası fələstinli uşaqların İsrail təhlükəsizlik qüvvələri tərəfindən qəsdən hədəf seçildiyinə və öldürüldüyünə dair təkzibolunmaz dəlillər aşkar etdiyini açıqlayıb. Qurum adından fəaliyyət göstərən üç nəfərlik istintaq qrupu ilk dəfə ötən ilin sentyabr ayında yayımladığı hesabatda İsrailin Qəzzadakı hərbi əməliyyatları zamanı soyqırım törətdiyini bəyan etmişdi. Komissiyanın son hesabatında isə İsrailin hərbi hücumlarının intensivliyinin hələ də davam etdiyi, bunun da fələstinli uşaqlar arasında görünməmiş ölüm, yaralanma və psixoloji travmaya səbəb olduğu bildirilir. Rəsmilər İsrail hakimiyyəti və təhlükəsizlik qüvvələrinin Qəzzada soyqırım cinayətini davam etdirdiyi qənaətinə gəlmək üçün kifayət qədər dəlillərin olduğunu vurğulayıblar.
BMT İnsan Hüquqları Şurası tərəfindən 2021-ci ildə yaradılmış komissiyanın rməlumatına əsasən, ağır fiziki və mənəvi xəsarətlər, kütləvi travmalar, uşaqların yetim qalması, ailələrin parçalanması, əlillik, ardıcıl köçkünlük dalğaları, aclıq, həmçinin təhsil və səhiyyə sistemlərinin tamamilə çökməsi Qəzzada uşaqlıq anlayışını tamamilə məhv edib. Hesabatda bu ağır nəticələrin bölgədəki uşaqların gələcək həyatına ömürlük təsir göstərəcəyi qeyd olunur. İstintaq qrupuna rəhbərlik edən hindistanlı hakim Srinivasan Muralidhar mövzu ilə bağlı bildirib ki, İsrail uşaqları hədəf seçməklə Fələstin xalqının gələcəyini sarsıdır. Hakim həmçinin vurğulayıb ki, 2025-ci ilin oktyabrında əldə olunmuş atəşkəsdən sonra belə, bölgədə uşaqlar qətlə yetirilməyə və ağır yaralanmağa davam edir.














