DÜNYA
2 dəqiqə oxuma
Stefan Dujarrik İsrailin BMT sülhməramlılarına təşkil etdiyi hücuma reaksiya verib
Aİ İsrailin BMT sülhməramlılarına qarşı hücumuna münasibət bildirib
Stefan Dujarrik İsrailin BMT sülhməramlılarına təşkil etdiyi hücuma reaksiya verib
Stefan Dujarrik İsrailin BMT sülhməramlılarına təşkil etdiyi hücuma reaksiya verib / AA
28 oktyabr 2025

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Livanda BMT-nin sülhməramlı qüvvələrinə (UNIFIL) qarşı son hücumlarını qınayıb.

BMT-nin sözçüsü Stefan Dujarrik oktyabrın 27-də keçirilən mətbuat konfransında deyib:“Bazar günü baş verən hadisələrə görə çox narahatıq. İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) UNIFIL patrulunun yaxınlığına qumbara atıb, İsrail tankı isə Kafr Kila bölgəsindəki UNIFIL sülhməramlılarına atəş açıb’’.

Stefan Dujarrik hücumlar nəticəsində xəsarət alan olmadığını təsdiqləyərək deyib: “Sülhməramlılarımıza və onların avadanlıqlarına heç bir ziyan dəyməyib’’.

O, bildirib ki, hücumdan əvvəl həmin ərazidə İsrailə məxsus başqa bir PUA UNIFIL patrulunun üzərindən aqressiv şəkildə uçub. “UNIFIL sülhməramlıları pilotsuz uçuş aparatını zərərsizləşdirmək üçün müdafiə tədbirləri görüblər’’,-deyə BMT rəsmisi vurğulayıb.

BMT sözçüsü sülhməramlıların təhlükəsizliyinə və əməliyyat şəraitinə təhlükə yaradan hər hansı hərəkətin tamamilə qəbuledilməz olduğunu vurğulayaraq bu cür hadisələrin dərhal dayandırılmasının vacibliyini bildirib.

Avropa İttifaqı (Aİ) da İsrailin Livanın cənubundakı BMT sülhməramlılarına hücumunu qınayıb və bütün tərəfləri atəşkəsə hörmət etməyə, həmçinin İsraili Livan ərazisindən çəkilməyə çağırıb.

Aİ ölkələrinin yaydığı bəyanatda bildirilib ki, İsrailin oktyabrın 26-da həyata keçirdiyi hücum UNIFIL kontingentini hədəf alıb.
“BMT personalının və obyektlərinin təhlükəsizliyi beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq təmin edilməlidir’’,-deyə bəyanatda vurğulanıb.

Aİ bəyanatında bütün tərəfləri 2024-cü il noyabrın 26-da əldə olunmuş atəşkəs razılaşmasına tam əməl etməyə və İsraili Livan ərazisindən tamamilə çəkilməyə çağırıb.

UNIFIL-in bazar günü yaydığı bəyanatda bildirib ki, İsrailə məxsus pilotsuz uçuş aparatı Livanın cənubundakı Kfar Kila yaxınlığında patrul xidmətini hədəf alıb.

Qeyd edək ki, UNIFIL 1978-ci ildən Livanın cənubunda fəaliyyət göstərir və 2006-cı ildə İsrail ilə “Hizbullah” arasında baş verən müharibədən sonra BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əsasən mandatı əhəmiyyətli dərəcədə genişləndirilib.