Qəzzada yüksək səviyyəli bir səhiyyə rəsmisi bildirib ki, İsrail ilə atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində geri qaytarılan fələstinli girovların cəsədlərində işgəncə və yanıq izləri aşkar edilib.
“Fələstinli girovların cəsədləri bizə heyvan kimi bağlanmış, gözləri bağlı və dəhşətli işgəncə və yanıq izləri ilə qaytarıldı.Bu, gizli şəkildə törədilmiş vəhşiliklərin sübutudur” deyə Qəzza Səhiyyə Nazirliyinin Baş direktoru Dr. Munir əl-Burş oktyabrın 16-da verdiyi açıqlaada deyib.
O, cəsədlərdəki görünən izləri “gizlədilə bilməyən cinayətlər” kimi təsvir edərək, bir çox məhbusun “bağlanıldıqdan sonra edam edildiyini” dilə gətirib.
“Günahsız fələstinlilərin cəsədləri cəlladların qəddarlığının şahidi kimi qaldı, çünki onlar təbii ölüm ilə deyil, bağlanıldıqdan sonra edam edilərək öldürüldülər,” deyə əl-Burş bildirib və “cinayətkarları ədalət qarşısına çıxarmaq üçün təcili beynəlxalq araşdırma” çağırışı edib, baş verənləri “tam miqyaslı müharibə cinayəti” adlandırıb.
Fələstinli Məhbuslar Media Ofisi də geri qaytarılan bəzi cəsədlərdən orqan oğurluğu ehtimalını irəli sürüb.
“İlkin məlumatlar bəzi cəsədlərdən insan orqanlarının oğurlanması ehtimalını göstərir, bu isə insanlığa zidd bir cinayət və işğalın həm diri, həm də ölü fələstinlilərə qarşı sistematik cinayətkar təcrübəsini ortaya qoyur” deyə ofis bəyanatında bildirib.
Tibbi və məhkəmə ekspertizası ifadələrinə istinad edən ofis geri qaytarılan bir çox cəsəddə “əl-qolu, gözləri bağlı, ağır işgəncə, yanıq və İsrail zirehli maşınları tərəfindən əzilmə izləri” olduğunu bildirib.
“Sübutlar göstərir ki, bəzi qurbanlar həbs edildikdən sonra soyuqqanlı şəkildə edam edilib, bu isə beynəlxalq humanitar hüquq və Dördüncü Cenevrə Konvensiyasının açıq-aşkar pozulmasıdır” deyə ofisin açıqlamasında qeyd edilib.
Ofis “cinayətkarları ifşa etmək və beynəlxalq ədalət qarşısına çıxarmaq üçün təcili və müstəqil beynəlxalq araşdırma” çağırışı edib.
Oktyabrın 16-da Qəzza Səhiyyə Nazirliyi bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə İsraildən 30 fələstinlinin cəsədi qəbul edilib və bəzilərində zorakılıq izləri aşkarlanıb.
Qeyd edək ki, atəşkəs razılaşması qüvvəyə mindikdən sonra İsrail tərəfindən ən azı 120 fələstinlinin cəsədi geri qaytarılıb.







