TÜRK DÜNYASI
1 dəqiqə oxuma
ŞKTC-də prezident seçkilərinin ilk turu başlayıb
Şimali Kipr türkləri prezident seçkilərinin ilk turunda yeni ölkə rəhbərini seçəcək
ŞKTC-də prezident seçkilərinin ilk turu başlayıb
ŞKTC-də prezident seçkilərinin ilk turu başlayıb / AA
19 oktyabr 2025

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) prezident seçkilərinin ilk turu üçün səsvermə prosesi oktyabrın 19-da (bu gün) səhər başladı.

ŞKTC vətəndaşları səhər saat 08:00-da (05:00 GMT) başlayan səsvermə prosesinə ölkə üzrə qurulan 777 seçki məntəqəsində saat 18:00-a (15:00 GMT) qədər qatıla biləcəklər.

Ölkədə ümumilikdə 218 min 313 qeydiyyatdan keçmiş seçici mövcuddur.

Hazırki prezident Ersin Tatar müstəqil namizəd olaraq yarışarkən, ana müxalifət partiyası olan Cümhuriyyətçi Türk Partiyasının (CTP) rəhbəri Tufan Erhürman partiyasının namizədi kimi seçkilərə qatılıb.

Prezident  seçkilərində Mehmet Hasgüler, Arif Salih Kırdağ, Ahmet Boran və İbrahim Yazıcı müstəqil namizədlər olaraq yarışarkən, Osman Zorba isə Kıbrıs Sosialist Partiyasını təmsil edir.

Qeyd edək ki, seçkilərdə iştirak edəcəyi gözlənilən və adı seçki bülletenində yer alan Hüseyn Gürlek oktyabrın 18-də verdiyi açıqlamada namizədlikdən çəkildiyini və Ersin Tatarı dəstəklədiyini bəyan edib.

İlk turda səslərin 50 faizindən çoxunu (mütləq çoxluq) əldə edən namizəd prezident seçiləcək.

Heç bir namizəd mütləq çoxluğa çata bilməzsə, ilk turda ən çox səs toplayan iki namizəd yeddi gün ərzində keçiriləcək ikinci tura qatılacaq.

İkinci turda ən çox səs alan namizəd prezidentlik kürsüsünə oturacaq.

MƏNBƏ:TRT