Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu qeyd edib ki, Türkiyə tarixi Hicaz Dəmir Yolunu modernləşdirərək Omana qədər uzatmağı və bununla da Hörmüz boğazına alternativ qlobal ticarət marşrutu yaratmağı planlaşdırır.
İyunun 3-də "Anadolu" agentliyinə müsahibə verən Ə.Uraloğlu ölkənin həm turizm, həm də müasir daşımalar üçün tarixi dəmir yolu xəttini canlandırmağı hədəflədiyini vurğulayıb.
Nazir açıqlayıb ki, ilk mərhələ Türkiyəni Hələbə bağlamaq, mövcud Hələb-Dəməşq-İordaniya şəbəkəsindən istifadə etmək və Səudiyyə Ərəbistanı rəsmiləri ilə danışıqları davam etdirməkdən ibarətdir.
Ə.Uraloğlu son hədəfin xətti Omana qədər uzadaraq okeana çıxış əldə etmək və Hörmüz boğazına strateji bir alternativ yaratmaq olduğunu da sözlərinə əlavə edib.
İraqın Bəsrə körfəzindən Türkiyə sərhədinə qədər uzanan 1200 kilometrlik "İnkişaf Yolu" layihəsinə də toxunan Ə.Uraloğlu layihələndirmə mərhələsinin tamamlandığını təsdiqləyib.
Avtomobil yolları, dəmir yolları, enerji və rabitə xətlərini əhatə edən bu nəhəng koridor Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İraq və Türkiyə ilə birgə, beynəlxalq maliyyələşdirmə vasitəsilə həyata keçiriləcək.
Nazir layihənin tikintisinə başlamazdan əvvəl regiondakı şəraitin daha da sabitləşməsini gözlədiklərini bildirib.
Orta koridorun strateji bir hissəsi olan Zəngəzur dəhlizindən də bəhs edən nazir Türkiyə tərəfindəki 224 kilometrlik Qars-İğdır-Aralıq-Dilucu xətti üçün tender prosesinin başa çatdığını və işlərə start verildiyini qeyd edib.
Bildirilir ki, Azərbaycan tərəfindəki işlər tamamlanma mərhələsinə yaxınlaşarkən, Türkiyənin Nəqliyyat Nazirliyi Türk dünyası və Mərkəzi Asiyaya daha qısa bir keçid təmin etmək məqsədilə Ermənistan ərazisindən keçən Zəngəzur prosesini izləməyə davam edir.
İstanbuldakı dəmir yolu layihəsinə toxunan Ə.Uraloğlu “Yavuz Sultan Səlim” körpüsünə dəmir yolu xəttinin əlavə edilməsi layihəsinin yükdaşıma potensialını artırmaqda mühüm bir addım olduğunu vurğulayıb.
Nazir Ə.Uraloğlu dəmir yolu layihəsinin maliyyələşdirilməsinin Dünya Bankının rəhbərliyi ilə altı beynəlxalq qurum tərəfindən təmin edildiyini və ilkin razılaşmaların imzalandığını elan edib.
Avropa ilə Asiya arasındakı yük və sərnişin qatarlarının tutum problemlərini həll etmək üçün 6,75 milyard dollarlıq kreditdən istifadə ediləcək. Nazirlik yaxın günlərdə tender prosesini, ilin sonuna qədər isə tikinti işlərini başlatmağı planlaşdırır.

















