Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zonguldakdakı Filyos limanında keçirilən "Osman Qazi" platformasının yolasalma mərasiminin iştirakçılarına videomesaj ünvanlayıb. Dövlət başçısı Türkiyə bayrağının rəngləri ilə bəzədilmiş platformanın ölkəyə və xalqa xeyirli olmasını arzulayıb.
R.T. Ərdoğan bildirib ki, 2024-cü ilin iyulunda Türkiyəyə gətirilən platforma enerji sahəsində yeni bir mərhələnin başlanğıcıdır. O, bu platformanı "Mavi Vətən"in ilk dəniz fabriki və üzən sənaye müəssisəsi adlandırıb.
298,5 metr uzunluğa və 56 metr enə malik olan platforma Sakarya Qaz Sahəsindəki quyulardan çıxarılan qazı emal edərək sualtı borularla Filyosa nəql edəcək.
Layihə sayəsində Qara dənizdə gündəlik təbii qaz hasilatı ikiqat artaraq 20 milyon kubmetrə yüksələcək, nəticədə 2027-ci ilin əvvəlindən etibarən Türkiyədə hər üç evdən biri məhz yerli təbii qazdan istifadə edəcək.
Prezident R. T. Ərdoğan bu strateji layihədə əməyi olan hər kəsə təşəkkür edib və platformada çalışacaq heyətə uğurlar arzulayıb.

















