DÜNYA
1 dəqiqə oxuma
ABŞ-nin Florida ştatınında baş verən silahlı hücum nəticəsində 12 nəfər yaralanıb
Florida A&M Universitetində keçirilən Amerika futbolu matçından sonra baş verən silahlı hücumda yaralananlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir
ABŞ-nin Florida ştatınında baş verən silahlı hücum nəticəsində 12 nəfər yaralanıb
ABŞ-nin Florida ştatınında baş verən silahlı hücum nəticəsində 12 nəfər yaralanıb / Reuters

ABŞ-nin Florida ştatının Talahassi şəhərində yerləşən Florida A&M Universitetinin "Breqq Memorial" stadionu yaxınlığında oktyabrın 24-də silahlı hücum törədilib. Hadisə nəticəsində təxminən 12 nəfər yaralanıb.

Yerli polis və universitet rəsmiləri xəsarət alanların altısının yetkin şəxs, altısının isə uşaq olduğunu bildiriblər.

Talahassi Polis İdarəsinin verdiyi məlumata görə, hücumda yaralananlardan ən azı üçünün vəziyyəti ağırdır. Digər doqquz nəfərin səhhəti isə stabildir.

Bölgə rəsmilərinin və yerli mətbuatın verdiyi xəbərə görə, hücum universitetin ənənəvi məzunlar görüşü çərçivəsində təşkil edilən Amerika futbolu matçının ardından baş verib. Hadisədən sonra ərazidə olan şəxslərə yerlərini tərk etməmələri ilə bağlı xəbərdarlıq olunub.

Yerli "Tallahassee Democrat" qəzetinin yazdığına görə, rəsmilər gecə saatlarında hadisə yerində təhlükəsizliyin təmin edildiyini bildiriblər.

Florida A&M Universiteti yerli vaxtla saat 20:40 radələrində təhlükəsizlik xəbərdarlığı yayımlayıb. Bəyanatda stadion yaxınlığında olan şəxslərə sığınacaqlarda qalmaları və ya həmin ərazidən uzaq durmaları barədə çağırış edilib.

Florida Ştat Universiteti də Talahassi şəhəri üzrə təhsil alan tələbələrinə, müəllim heyətinə və əməkdaşlarına tədbir məqsədilə qapalı məkanlarda qalmağı tövsiyə edib. Universitet rəhbərliyi öz əməkdaşlarının və ya tələbələrinin hadisəyə qarışdığına dair hər hansı sübutun olmadığını vurğulayıb.

Silahlı hücumun təfərrüatları və necə baş verdiyi ilə bağlı təhqiqat davam edir.

MƏNBƏ:TRT