Danışıqlar Vaşinqtonun Suriyanın şimal-şərqini yenidən mərkəzi hökumətin nəzarəti altına qaytarmağı hədəfləyən yeni elan edilmiş atəşkəs və inteqrasiya razılaşmasına dəstəyini bildirdiyi bir vaxta təsadüf etmişdir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakı qəbul edib.
Görüşə dair şəkil Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən mərkəzi qərargahı ABŞ-də yerləşən "X" sosial media platformasında paylaşılıb. Lakin görüşün məzmunu ilə bağlı əlavə məlumat verilməyib.
Barrak eyni paylaşımı da sitat gətirərək deyib "Bu gün xarici işlər naziri Hakan Fidanla müzakirələrimizi davam etdiririk".
Qeyd edək ki, ABŞ yanvarın 18-də Suriya hökuməti ilə YPG arasında əldə edilən yeni atəşkəs və inteqrasiya razılaşmasını alqışladığını açıqlayıb. Barrak "X" platformasında etdiyi paylaşımında "Bu razılaşma və atəşkəs mühüm bir dönüş nöqtəsini təmsil edir" deyib.
Barrak Suriya prezidenti Əhməd əl-Şaraanın kürdlərin Suriyanın ayrılmaz hissəsi olduğunu təsdiqlədiyini bildirərək deyib ki, ABŞ DEAŞ-a qarşı mübarizəmizdəki tarixi tərəfdaşımızın problemsiz inteqrasiyasını səbirsizliklə gözləyir.
O əlavə edib ki, hərtərəfli inteqrasiya sazişinin detallarının yekunlaşdırılması üçün çətin iş artıq başlayır və ABŞ bu prosesi hər mərhələdə qətiyyətlə dəstəkləyir.
Yanvarın 18-də Əhməd əl-Şaraa Suriya hökuməti ilə YPG arasında ölkənin şimal-şərqində dövlət hakimiyyətini bərpa etməyi hədəfləyən hərtərəfli atəşkəs və tam inteqrasiya sazişini elan edib.
Suriya Ərəb Xəbər Agentliyinin (SANA) məlumatına görə, dərc olunmuş sazişin şərtləri hökumət qüvvələri ilə YPG arasında bütün cəbhələr və təmas xətləri boyunca dərhal və hərtərəfli atəşkəsi nəzərdə tutur.
Sazişin yenidən yerləşdirilməyə hazırlıq məqsədilə bütün YPG hərbi ünsürlərinin Fərat çayının şərqindəki ərazilərə çəkilməsi ilə eyni vaxtda qüvvəyə minməsi planlaşdırılır.











