Qazaxıstanın Xəzər dənizi sahilində keçirilən təlim zamanı dənizə sovurulan 19 hərbçidən 9-u həyatını itirib, 7-si itkin düşüb.
Qazaxıstan Müdafiə Nazirliyindən verilən bəyanatda Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizi sahilində təlim həyata keçirdiyi bildirilib.
Qazaxıstan Müdafiə Nazirliyi sentyabrın 24-də Xəzər dənizi sahilindəki Manqistau bölgəsində keçirilən hərbi dəniz təlimi zamanı hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi səbəbindən dəniz dalğalarının 19 hərbçini apardığını bildirmişdi.
Hadisədə 9 hərbçinin həyatını itirdiyi, 3-nün xilas edildiyi vurğulanan bəyanatda itkin düşən 7 hərbçinin tapılması üçün axtarış-xilasetmə işlərinin davam etdiyi və aidiyyəti qurumların bölgəyə cəlb olunduğu bildirilib.
Hadisənin bütün təfərrüatları ilə işıqlandırılması və axtarış-xilasetmə işlərinin koordinasiyası məqsədilə müdafiə naziri Dauren Kosanovun bölgəyə getdiyi qeyd olunub.
Hadisə ilə bağlı təhqiqat başladılıb
Qazaxıstan Baş Prokurorluğu hərbçilərin həyatını itirdiyi hadisə ilə bağlı təhqiqat başladıldığını elan edib.
Baş Prokurorluqdan verilən bəyanatda hadisənin işıqlandırılması məqsədilə əməliyyat-istintaq qrupunun yaradıldığı və hadisə yerində Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və prokurorluq əməkdaşlarının olduğu bildirilib.
Hadisənin bütün hallarını hərtərəfli, tam və obyektiv şəkildə müəyyən etmək üçün bir sıra istintaq hərəkətləri aparılır. Lazımi məhkəmə-tibbi ekspertizaları təyin edilib.






















