DÜNYA
4 dəqiqə oxuma
Lavrov: "Rusiya Ukrayna ilə bağlı razılığa gəlməyə hazırdır"
"Hələ də dəqiq tənzimləmə tələb edən bəzi konkret məqamlar var və hazırda onlarla məşğuluq", - Rusiya XİN rəhbəri bildirib
Lavrov: "Rusiya Ukrayna ilə bağlı razılığa gəlməyə hazırdır"
Lavrov / Reuters

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 24-də açıqlama verərək deyib: "Moskva Ukraynadakı müharibə ilə bağlı razılığa gəlməyə hazırdır".

Lavrov bu bəyanatı ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putini hücumları dayandırmağa çağırmasından sonra verib. Trampın çağırışı Kiyevə son aylar ərzində ən qanlı hücumlardan sonra göstərilən nadir tənqid kimi diqqətləri cəlb edib.

Lavrov "CBS News"a müsahibəsində deyib: “Biz razılığa gəlməyə hazırıq, lakin hələ də işlənilməsi lazım olan bəzi konkret məqamlar var və hazırda onlarla məşğuluq”.

Trampın xüsusi nümayəndəsi Steve Vitkoffun Putinlə atəşkəs danışıqları aparmaq üçün aprelin 24-də Rusiyaya gedəcəyi gözlənilir. Lavrov bəyan edib ki, danışıqlar prosesi düzgün istiqamətdə gedir və Vaşinqtonla danışıqlar davam etdiriləcək.

Lavrov ABŞ prezidentinin “dünyada bu vəziyyətin köklü səbəblərini aradan qaldırmağın zəruriliyini dərk edən yeganə lider” olduğunu deyib, lakin Trampın “razılaşmanın elementlərini aydın şəkildə göstərmədiyini” qeyd edib.

Tramp isə öz növbəsində aprelin 24-də səhər Kiyevə edilən və ən azı 12 nəfərin ölümü ilə nəticələnən raket və dron hücumlarından sonra birbaşa Putinə müraciət edib. Bu hücumlar Trampın qan tökülməsini tez bir zamanda dayandırmaq səylərinə baxmayaraq, Rusiyanın mülki əhalini hədəf alan bir sıra hava hücumlarından biridir.

Tramp sosial şəbəkədə etdiyi paylaşımda deyib: "Rusların hücumlarından məmnun deyiləm. Bu hücumlar lazımsız və pis bir zamanda həyata keçirilib. Vladimir DAYAN!" Rusiya tərəfdarı olduğu iddia edilən Tramp Ukrayna prezidenti Volodimir Zelenskini də tez-tez tənqid edib.

Jurnalistlərin Moskvanın müharibəni bitirmək üçün danışıqlarda hansı güzəştlərə gedəcəyi ilə bağlı sualına Tramp deyib: “Bütün ölkəni ələ keçirməkdən imtina etmək olduqca böyük güzəştdir”.

Qeyd edək ki, Rusiya 2022-ci ildə Ukraynaya tam miqyaslı işğala başlamağa, ölkəni bir neçə gün ərzində ələ keçirməyə ümid edirdi, lakin o vaxtdan bəri hər iki tərəf üçün böyük itkilərlə nəticələnən qanlı çıxılmaz vəziyyətə düşdü.

Krım məsələsi

Zelenski son hücumlardan sonra Cənubi Afrikaya səfərini yarımçıq dayandırıb və Kiyevə qayıdıb. O, Kiyevin müttəfiqlərinin Putinə tam və qeyd-şərtsiz atəşkəsə təzyiq etmək üçün kifayət qədər iş görüb-görməmələri ilə bağlı açıqlamalar verib.

“Rusiyaya qarşı hər hansı güclü təzyiq və ya yeni sanksiyalar paketi görmürəm”, - deyən Zelenski Trampın əvvəllər Moskvanı münaqişəni dayandırmayacağı təqdirdə nəticələri barədə xəbərdar etdiyini xatırladıb. Tramp aprelin 24-də Zelenskini Rusiyanın Krımla bağlı iddialarını tanımaqdan imtina edərək sülh səylərinə mane olmaqda ittiham edib. ABŞ prezidenti deyib ki, Krım "illər əvvəl itirilib".

Xatırladaq ki, Moskva Krım yarımadasını 2014-cü ildə ilhaq edib. “Biz tərəfdaşlarımızın təklif etdiyi hər şeyi edirik; sadəcə olaraq qanunlarımıza və Konstitusiyamıza zidd olan işləri görə bilmərik”, - deyə Zelenski Krımla bağlı suala cavabən deyib.

Buna cavab olaraq NATO-nun Baş katibi Mark Rutte aprelin 24-də bildirib ki, danışıqlarda Kiyev deyil, Moskva irəliləməlidir. Rutte Ağ Evdə Trampla görüşündən sonra jurnalistlərə deyib ki, “top indi açıq şəkildə Rusiyanın meydançasındadır”.

“Dağıntılar altından meyitlər çıxarılıb”

Rusiya aprelin 23-ü gecəsi və 24-də səhər saatlarında Ukrayna ərazisinə ən azı 70 raket və 145 pilotsuz uçan aparat atıb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, bu hücumların əsas hədəfi Kiyev olub.

"Kiyevin Svyatoşinski rayonunda ölənlərin sayı 12-yə, yaralıların sayı isə 90-a çatıb", - Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib. Agentlik həmçinin qeyd edib ki, Rusiya Ukraynanın müdafiə sənayesini, o cümlədən raket yanacağı və barıt istehsal edən obyektləri hədəfə alıb.

"Biz yalnız hərbi hədəfləri və ya hərbi məqsədlər üçün istifadə edilən mülki obyektləri hədəfə alırıq. Əgər bu, Ukrayna ordusunun istifadə etdiyi hədəfdirsə, Müdafiə Nazirliyi və sahədəki komandirlərin bu hədəflərə hücum etmək hüququ var", - Lavrov "CBS News" edilən hücumlar barədə suala cavab verərkən deyib.

Ukrayna Rusiyanın üç illik təcavüzü müddətində hava hücumlarına məruz qalıb, lakin digər şəhərlərə nisbətən daha güclü hava hücumundan müdafiə sistemi olan Kiyevə hücumlar daha nadirdir.

Ukrayna lideri Zelenski bildirib ki, Rusiya hücumlarda Şimali Koreya istehsalı olan ballistik raketdən istifadə edib. Kiyevdə yaşayan 33 yaşlı hüquqşünas Olena Davydiuk AFP-yə bildirib ki, pəncərələr sındırılıb, qapılar “yerindən çıxıb”. İnsanlar dağıntılar altından çıxarılır.

Kiyev hücumlarından sonra Zelenski bildirib ki, cümə axşamı Rusiya qüvvələri Ukrayna mövqelərinə də hücum edib. Zelenski "X" platformasında yazıb: "Əsasən, ruslar kütləvi hücumdan istifadə edərək, hücuma keçməyə çalışdılar. Bizim qüvvələrimizin əksəriyyəti raket və dron hücumlarından müdafiəyə yönəldiyi halda, ruslar qurudan hücumlarını əhəmiyyətli dərəcədə gücləndirdilər".

Araşdırma
Hindistan və Polşa müdafiə, kosmos və nüvə enerjisi sahələrində əməkdaşlığı dərinləşdirirlər
İsrailin Qəzza zolağına hücumu nəticəsində daha iki fələstinli həlak olub
Səudiyyə Ərəbistanındakı hava limanına hücum nəticəsində 1 nəfər həlak olub
Nyu-Yorkda Fələstinə dəstək nümayişi keçirilib
Ukrayna: Rusiya ordusunun təşkil etdiyi hücumlarda 5 nəfər həlak olub, 56 nəfər yaralanıb
Fransada "Mirage 2000D" tipli qırıcı qəzaya uğrayıb
Fransadakı aksiyalarda 2 nəfər həlak olub
Merts: "Türkiyədən gələn köç Almaniyanı mədəni, iqtisadi və elmi baxıdan zənginləşdirdi"
NATO gəmilərin qorunması üçün Qara dənizə əlavə qüvvələr göndərəcək
BMT Taiz şəhərində humanitar dəhlizin yaradılması ilə bağlı çağırıış edib
Liviya və Türkiyə arasında imzalanmış dəniz yurisdiksiyası memorandumu təsdiqlənib
Ukrayna: Rusiya ordusunun müxtəlif bölgələrə təşkil etdiyi hücumlarda 8 nəfər həlak olub
ABŞ senatoru İsrailə hərbi yardımı dayandırmağa çağırıb
Rusiyanın Kiyev və Xarkov vilayətlərinə hücumları nəticəsində 3 nəfər həlak olub, 11 nəfər yaralanıb
"Flynas" aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsinə görə Romaya təcili eniş edib
Yəmən ordusu: 1 164 əməliyyatda husilərdən 558 nəfər zərərsizləşdirilib
İsrail fələstinlilərə məxsus təxminən 18,3 hektar torpaq sahəsini müsadirə edib
Donald Trampla Benyamin Netanyahu arasında telefon danışığı olub
Qəzzada üç məktəbli İsrail hərbçiləri tərəfindən qətlə yetirildi
Sudanda avtobus dayanacağına endirilən zərbə 80 nəfər həlak olub