TÜRKİYƏ
1 dəqiqə oxuma
Burhanəddin Duran Suriyada əldə olunan sazişlə bağlı paylaşım edib
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran yanvarın 18-də Suriyada əldə edilən "Atəşkəs və Tam İnteqrasiya Sazişi" ilə bağlı paylaşım edib
Burhanəddin Duran Suriyada əldə olunan sazişlə bağlı paylaşım edib
Burhanəddin Duran Suriyada əldə olunan sazişlə bağlı paylaşım edib / AA
19 yanvar 2026

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran yanvarın 18-də Suriyada əldə edilən "Atəşkəs və Tam İnteqrasiya Sazişi" ilə bağlı paylaşım edib. O, bu sənədi Prezident Rəcəb Tayyib Ərdoğanın uzun müddətdir vurğuladığı "terrorsuz zona" strategiyasının reallaşması yolunda mühüm nailiyyət kimi qiymətləndirib.

B.Duran "NSosyal" platformasındakı paylaşımında sazişin şərtlərinin icrasının yaxından izləniləcəyini qeyd edib. O bildirib ki, bu proses təsadüfi deyil və Prezident Ərdoğanın illərdir səsləndirdiyi prinsiplərin və xəbərdarlıqların məntiqi nəticəsidir.

Duran Suriyada davamlı sabitliyin bütün etnik və məzhəb qruplarının bərabər vətəndaşlıq əsasında hüquqlarının təmin olunmasından asılı olduğunu vurğulayaraq deyib:
“Ərazi bütövlüyünü qoruyan və terror təşkilatlarından azad edilmiş Suriya regional sülhün açarıdır. Suriya hökumətinin bu istiqamətdə atdığı addımlar və göstərdiyi səylər mühüm əhəmiyyət daşıyır’’.

O, Türkiyənin həm danışıqlar masasında, həm də sahədə güclü bir aktor olduğunu bildirərək terror təşkilatlarına qarşı aparılan əməliyyatların Türkiyə sərhədləri boyunca təhlükəsiz zonanın yaradılmasına töhfə verdiyini və diplomatik səylərin Suriyanın gələcəyini formalaşdıran prosesləri dəstəklədiyini qeyd edib.

Burhanəddin Duran vurğulayıb ki, Suriyanın ərazi bütövlüyü və suverenliyi Türkiyə üçün böyük önəm daşıyır. O, rəsmi Ankaranın qonşu ölkənin təhlükəsizliyini öz təhlükəsizliyindən ayrı görmədiyini, sülhü prinsip, sabitliyi isə əsas məqsəd hesab etdiyini bildirib.