Cənubi Koreyanın müdafiə sənayesi nəhəngi “Hanwha Aerospace Co.” Norveçə uzunmənzilli reaktiv yaylım atəşi sistemlərinin tədarükü üzrə saziş əldə edib. Məlumata görə, “Hanwha Aerospace” Norveç Silahlı Qüvvələrinə 16 ədəd “Chunmoo” reaktiv yaylım atəşi qurğusu tədarük edəcək.
Şirkət fevralın 2-də (bu gün) yaydığı açıqlamada bildirib ki, ötən həftə Norveçə uzunmənzilli reaktiv yaylım atəşi sistemlərinin verilməsinə dair razılaşmanın əldə olunmasından sonra Nordik bölgəsində uzunmüddətli təhlükəsizlik tərəfdaşı kimi mövqeyini gücləndirməyi hədəfləyir.
“Yonhap” xəbər agentliyinin məlumatına görə, “Hanwha Aerospace” şirkətinin prezidenti və baş icraçı direktoru Son Cae-il bildirib ki, Norveçin “Chunmoo” raketatan sistemini seçməsi daha əvvəl bu ölkəyə tədarük edilmiş “K9” özüyeriyən haubitsalar əsasında formalaşmış qarşılıqlı etimadın göstəricisidir.
Son Cae-il deyib: “Norveçlə sıx əməkdaşlıq vasitəsilə Nordik bölgəsinin uzunmüddətli təhlükəsizliyinə töhfə verməyə və strateji təhlükəsizlik tərəfdaşı kimi rolumuzu daha da inkişaf etdirməyə sadiqik.”
Norveç Müdafiə Materialları Agentliyi (NDMA) ilə imzalanmış müqaviləyə əsasən, “Hanwha Aerospace” Norveç Silahlı Qüvvələrinə 16 ədəd “Chunmoo” reaktiv yaylım atəşi qurğusu, dəqiq idarə olunan raketlər paketi və inteqrasiya olunmuş logistika dəstəyi təqdim edəcək.
Qeyd edilir ki, təxminən 2 milyard ABŞ dolları dəyərində qiymətləndirilən bu saziş 2017-ci ildən bəri Norveç ordusunun 52 ədəd “K9 Vidar” özüyeriyən haubitsa və 14 ədəd “K10” sursat təminatı maşını alması ilə formalaşmış əməkdaşlığın davamıdır. Bu əməkdaşlıq “Hanwha Aerospace” ilə Norveç ordusu arasında təxminən on ilə yaxın dövrü əhatə edir.
Şirkət, həmçinin birgə inkişaf layihələri və yerli sınaqlar vasitəsilə Norveç sənayesi ilə əməkdaşlığın gücləndirilməsini planlaşdırır.












