Prezident Ərdoğan Qurban bayramı müraciətində Qəzzadakı fələstinlilərlə həmrəyliyi vurğulayaraq deyib: “Netanyahu deyilən zalımın dünya müsəlmanlarından lazımi dərsi alacağına inanıram”.
Prezident Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə təbrik müraciəti ünvanlayıb.
Ərdoğan müraciətində Qurban bayramını “mənəvi lütf” kimi xarakterizə edərək, bayramın Türkiyə, türk milləti, İslam dünyası və bütün bəşəriyyət üçün xeyirli olmasını diləyib.
Ərdoğan “Qəzza başda olmaqla könül coğrafiyamızın fərqli guşələrində bu bayramı da hüznlə, acı ilə, qəlblərində ağrı ilə qarşılayan bütün qardaşlarıma şəxsim və millətim adına ən güclü həmrəylik mesajlarımı göndərir, Qurban bayramlarını ayrı-ayrılıqda təbrik edirəm”, -ifadələrini işlədib.
Qeyd edək ki, Türkiyə daxilində milyonlarla insan bu gün bayramın ilk günündə bayram namazı qılıb.
Dövlət başçısı Ərdoğan həmçinin İstanbuldakı Çamlıca məscidində qıldığı bayram namazından sonra jurnalistlərə verdiyi açıqlamada dini bayramların ictimai bağları və yardımlaşmanı gücləndirdiyini söyləyib.
“Hər şeydən əvvəl bayramlar sevginin, hörmətin, birliyin, bərabərliyin, həmrəyliyin olduğu günlərdir”, -deyən Ərdoğan Qəzzadakı vəziyyətin Türkiyədəki və dünyadakı müsəlmanların bayram sevincinə kölgə saldığını vurğulayıb.
Benyamin Netanyahuya kəskin reaksiya göstərən Ərdoğan Netanyahunu “zalım” adlandırıb və dünya müsəlmanlarının İsrailin Qəzzadakı hərəkətlərinə qarşı birləşəcəyinə dair gözləntisini dilə gətirib.
Ərdoğan “Netanyahu deyilən zalımın dünya müsəlmanlarından lazımi dərsi alacağına inanıram” deyib.
Türkiyə İsrailin Qəzzadakı hərbi hücumlarının ən kəskin tənqidçilərindən birinə çevrilərkən, Ərdoğan dəfələrlə təcili atəşkəs, humanitar yardımların artırılması və İsrail üzərində beynəlxalq təzyiqin gücləndirilməsi çağırışını edib.
Ərdoğanın bu bəyanatları dünya miqyasında müsəlmanların Qurban bayramını Qəzza və Yaxın Şərqdəki humanitar narahatlıqların davam etdiyi bir vaxtda qeyd etdiyi dövrə təsadüf edib.
Qeyd edək ki, Qurban bayramı İslam aləmində qeyd edilən ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana , keçi və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır.













