Ukraynanın xarici işlər naziri Andrey Sibiqa dövlət başçısı Volodimir Zelenskinin təxminən dörd ildir davam edən müharibəni sona çatdırmaq məqsədi daşıyan 20 maddəlik sülh planında yer alan “ən həssas” məsələləri müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putin ilə görüşməyə hazır olduğunu bildirib.
Bu barədə A.Sıbiqa yanvarın 27-də Ukraynanın “European Pravda” nəşrinə verdiyi müsahibədə bildirib. Nazir qeyd edib ki, Ukrayna noyabr ayından bəri müzakirə olunan sülh planını razılaşma əldə olunacağı təqdirdə imzalamağı hədəfləyir. Lakin xüsusilə münaqişəli ərazilər və Zaporijya Atom Elektrik Stansiyasının istismarı kimi “ən həssas” məsələlərin hələ də həllini tapmadığı vurğulanıb.
A.Sıbiqa bildirib ki, V.Zelenskinin prezident V.Putinlə görüşməyə və bu mövzunu müzakirə etməyə hazır olmasının səbəbi məhz bu problemlərdir. Nazir qeyd edib ki, eyni zamanda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşməyə ehtiyac görmür və paralel yolların yaradılmamalı olduğunu düşünür. Çünki Xarici İşlər Nazirliyinin nümayəndələrinin də daxil olduğu danışıqlar qrupları mövcuddur və əlavə yollar yaratmaq mənasızdır.
Ötən həftə Əbu Dabi şəhərində Rusiya, Ukrayna və ABŞ arasında keçirilən görüşlərə toxunan A.Sibiqa münaqişənin sona çatdırılması üzrə danışıqlarda irəliləyiş əldə olunduğunu və məhz bu səbəbdən üçtərəfli görüşlərin baş tutduğunu bildirib. O, Əbu Dabidə keçirilən ikitərəfli danışıqları “çox mürəkkəb” adlandırıb, eyni zamanda təmasların “çox qətiyyətli” olduğunu qeyd edib.
Hər iki tərəfdən hərbi nümayəndələrin iştirak etdiyi ayrıca bir danışıqlar xəttinin mövcud olduğunu bildirən A.Sibiqa atəşkəsin parametrləri, eləcə də belə bir atəşkəsin necə təsdiqlənəcəyi ilə bağlı müzakirələrin aparıldığını vurğulayıb.
Müzakirə olunan 20 maddəlik çərçivə sənədinə də toxunan nazir bunun ABŞ-nin Ukrayna ilə imzalayacağı ikitərəfli sənəd olduğunu bildirib. O, Rusiya ilə ABŞ-nin bu sənədi ayrıca imzalamalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda müzakirə olunan məhz bu strukturdur, lakin danışıqlar hələ də davam edir.
Qeyd edək ki, Volodimir Zelenski Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti görüş üçün ilkin danışıqların davam etdiyini və bu görüşlərin 1 fevral tarixində yenidən baş tutacağını bildirib. Həmin gün Kremlin sözçüsü Dmitriy Peskov da ABŞ-nin vasitəçiliyi ilə keçirilən Rusiya–Ukrayna sülh danışıqlarının növbəti raundunun gələn həftə yenidən Əbu Dabidə planlaşdırıldığını açıqlasa da, dəqiq tarix verməyib.
Xatırladaq ki, Rusiya və Ukrayna 23–24 yanvar tarixlərində Əbu Dabidə ABŞ-nin iştirakı ilə iki günlük görüşlər keçirib. Həm rəsmi Kiyev, həm də Vaşinqton rəhbərliyi bu görüşləri “konstruktiv” kimi qiymətləndirib. D.Peskov isə təmasların konstruktiv şəkildə başladığını, lakin qarşıda mühüm işlərin olduğunu bildirib.
Yanvarın 22-də Stiv Uitkoff da Davos şəhərində keçirilən tədbirdə Rusiya–Ukrayna sülh danışıqlarında “böyük irəliləyiş” əldə olunduğunu və müzakirə ediləcək cəmi bir mövzunun qaldığını açıqlamışdı.










