ABŞ prezidenti Donald Tramp Misirdə keçiriləcək kritik görüş ərəfəsində Qəzzada təklif olunan atəşkəslə bağlı HƏMAS ilə davam edən danışıqların sürətlə irəlilədiyini bildirib.
Donald Tramp ABŞ-ın "Truth Social" sosial media platformasındakı paylaşımında deyib: "Bu həftə sonu HƏMAS və dünya ölkələri (ərəb, müsəlman və başqa) ilə çox müsbət danışıqlar apardıq. Məqsəd girovları azad etmək, Qəzzada müharibəyə son qoymaq və ən əsası, nəhayət, Yaxın Şərqdə uzun müddətdir axtarılan sülhə nail olmaqdır. Mənə bildirildi ki, birinci mərhələ bu həftə tamamlanmalıdır və mən hamıdan tez hərəkətə keçmələrini xahiş etdim".
ABŞ prezidenti vəziyyəti izləməyə davam edəcəyini bəyan edərək, "Əsas olan zamandır, əks halda böyük qan töküləcək" deyib.
Misir danışıqları
Oktyabrın 5-də səhər HƏMAS bəyan edib ki, Xəlil əl-Həyyənin başçılıq etdiyi nümayəndə heyəti atəşkəs mexanizmləri, İsrail qüvvələrinin çıxarılması və əsirlərin mübadiləsi ilə bağlı danışıqlara başlamaq üçün Misirə gəlib.
Səfərin müddəti və ya gündəm təfərrüatları açıqlanmayıb, lakin danışıqların bu yeni raundu İsrailin Qəzzada təxminən iki ildir davam edən müharibəsinə son qoymaq üçün artan regional və beynəlxalq səylər fonunda keçirilir.
İsrail daha əvvəl Trampın Qəzza planı çərçivəsində HƏMAS ilə dolayı yolla girov mübadiləsi danışıqları aparmaq üçün görüş qrupunun bu gün (6 oktyabr) Misirin Qırmızı dəniz sahilindəki Şarm əl-Şeyx kurortuna gedəcəyini bildirmişdi.
Sentyabrın 29-da Tramp bütün israilli girovların fələstinli girovlarla dəyişdirilməsi, atəşkəs, HƏMAS-ın tərksilah edilməsi və Qəzzanın yenidən qurulmasını əhatə edən 20 maddəlik planı açıqlayıb.
HƏMAS bəyan edib ki, prinsipcə planla razılaşıb və növbəti addımlar üzrə danışıqların Misirdə keçirilməsi planlaşdırılır.
İsrail ordusu 2023-cü ilin oktyabr ayından Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla 67mindən çox fələstinlini qətlə yetirib. Davamlı bombardmanlar ərazini yaşayış üçün yararsız edib, kütləvi köçkünlərə, aclığa və xəstəliklərin yayılmasına səbəb olub.







