İsrail ordusunun Qurban bayramı ərzində Qəzzaya təşkil etdiyi hücumlar nəticəsində ən azı 33 fələstinli həyatını itirib, 130-dan çox insan isə yaralanıb. Bu barədə yerli səhiyyə rəsmilərinin yaydığı məlumatda bildirilib.
Qəzza Səhiyyə Nazirliyinin itkilərlə bağlı yaydığı son rəsmi bəyanatda son 24 saat ərzində daha bir fələstinlinin öldüyü, səkkiz nəfərin isə xəsarət aldığı qeyd olunub. Nazirliyin hesabatına əsasən, atəşkəs qüvvəyə mindikdən bu yana ümumilikdə 930 fələstinli həlak olub, 2819 nəfər yaralanıb, dağıntılar altından isə 781 nəfərin cəsədi çıxarılıb. Bununla da, 2023-cü ilin oktyabr ayından bəri davam edən münaqişə nəticəsində ümumi ölənlərin sayının 72.939-a, yaralananların sayının isə 172.927-yə çatdığı vurğulanıb. Rəsmilər Qəzzada hələ də minlərlə fələstinlinin cəsədinin dağıntılar altında qaldığını bildirirlər.











